Litva yığmasına çağırılmasa, Azərbaycanı seçəcək
15.12.2011 - 17:28
Litva yığmasına çağırılmasa, Azərbaycanı seçəcək
Azərbaycan yığmasına daha bir basketbolçunun cəlb edilməsi gözlənilir. Apasport.az saytının məlumatına görə, həmin idmançı atası əslən azərbaycanlı olan, hazırda Litvada yaşayan Rolanda Əliyevdir.

Lakin 26 yaşlı və 192 sm boya malik basketbolçunun millimizdə oynayıb-oynamamağına gələn ilin fevralında aydınlıq gələcək. “Budivelnik”də çıxış edən Əliyev az öncə Litva mətbuatına verdiyi açıqlamasında bildirib ki, əgər həmin vaxt Olimpiya lisenziyalı turnirdə əsas komandaya çağırılmasa, seçim etmək məcburiyyətində qalacaq: “Litva yığmasında sonuncu dəfə 2005-ci ildə oynamışam. Həmin vaxt komanda gənclər arasında dünya çempionu oldu. Sonradan tələbə komandasında oynadım ki, onlarla da qızıl qazandım. Əsas millinin toplanışlarında iştirak etsəm də, rəsmi matçlarda forma geyinməmişəm. Mən bu il bunun baş verəcəyini gözləyirdim. Nədənsə, bu reallaşmadı. Bəlkə də bu mənim müsəlman olmağımla bağlıdır. Hərçənd, Litva klubunda oynayıram. Amma bu, şəxsi ehtimalımdır. Əslində, bunun nə dərəcədə real olmasını bilmirəm. Hər şeyə fevral ayında aydınlıq gələcək”.

Tarixi ərzində ilk dəfə Avropa çempionatında iştirak edəcək yığmamız üçün də Rolandanın həmin vaxt gəlişi gec olmayacaq. “Budivelnik”in üzvünün sözlərinə görə, Azərbaycan 7 il öncə də elçi düşübmüş: “Bəli, onlar mənim xidmətimdə maraqlıdır. Hələ 2004-cü ildə Rimas Kurtinaytis bu ölkənin əsas komandasını çalışdırarkən, mənə zəng vurmuşdu. Onunla Azərbaycan yığmasında oynamağımın mümkünlüyü haqda söhbətimiz oldu. Lakin o, Litvanın gənclər yığmasında oynadığımı bildikdən sonra bir daha zəng etmədi. Sonradan mən də özüm üçün doğma olan Azərbaycanda oynamaq variantı barədə düşündüm. Hətta bu barədə atamla da söhbətim oldu. Lakin hələ bu məsələdən söhbət gedə bilməz. Çünki Litvadan dəvət gözləyirəm”.

Yığmamızın meneceri Ləvənt Türknas da bu variantı təsdiqləyib. O apasport.az-a açıqlamasında deyib ki, Əliyevlə bu barədə tez-tez danışır: “Bəli, onunla əlaqə saxlayırıq. Hətta elə olur ki, həftədə 1-2 dəfə danışırıq. Lakin Rolanda daha öncə Litvadan təklif gözləyir. Əgər fevralda bu təklif olmasa, çox güman ki, Azərbaycanı seçəcək. Ona yeni basketbolçularımız barədə də məlumat verilib. Hətta onun çıxış edəcəyi mövqe barədə də danışılıb. Özü də bunu ürəkdən istəyir. Lakin yenə təkrar edirəm, bu fevralda dəqiqləşəcək”.

Qeyd edək ki, Avropa çempionatında mərhələ adlamaq barədə düşünən Azərbaycan millisi bir qədər əvvəl “Real” klubunun üzvü Ceyse Karrol, “Valensiya”da forma geyinən Nik Kaner-Mendli və Kanadanın “Redeemer Universitet” komandasının şərəfini qoruyan Əli Əsgərovun razılığını alıb. Onlardan öncə isə Çarlz Devis, Rasim Başak və Nelson Spenser də komandamıza “transfer” olunmuşdular.