“Hərdən özümü vətəndə legioner kimi hiss edirəm” - MÜSAHİBƏ
18.12.2011 - 00:01
“Hərdən özümü vətəndə legioner kimi hiss edirəm” - MÜSAHİBƏ
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, “Bakı” klubunun kapitanı Natəvan Qasımovanın apasport.az saytına müsahibəsi

- “Bakı” cari ildə Azərbaycan çempionatı ilə yanaşı, “Çelenc Cup”da da yarışır. İki turnirdə paralel oynamaq nə dərəcədə çətindir?
- Hələlik Avropa meydanlarında heç bir çətinliklə üzləşməmişik. Çünki qarşılaşdığımız komandaların heç biri bizimlə eyni gücdə deyil. Keçirdiyimiz 4 oyunun hər birində çox asan qələbələr qazanmışıq. Amma getdikcə çətin rəqiblərlə qarşılaşacağıq. Biz həmin oyunlarda var qüvvəmizdən istifadə edib, “Çelenc Cup”u qazanmaq istəyirik. Hədəfimiz Avropada ad qazanmaqdır. Amma Azərbaycan çempionatı başlar-başlamaz, çox çətin oyunlarda qüvvəmizi sınamışıq. Buna rəğmən, 4 oyunun hər birində rəqibə set vermədən qalib gəlmişik.

- Amma daxili yarışda hələ də iddialı - “Azərreyl” və “Rabitə” kimi komandalarla qarşılaşmamısınız. Yəqin ki, əsl gücünüz məhz bu oyunlarda bilinəcək?
- Bu, sadəcə, bir başlanğıcdır. Məncə, qarşıda daha çətin oyunlar olacaq. Amma indidən sizə bir şeyi deyim ki, “Bakı” həm Avropada, həm də daxili çempionatda sürpriz edəcək.

- Bunu nəyə əsasən deyirsiniz?
- “Rabitə” öz oyununu 2-3 voleybolçunun üzərində qurur. “Azərreyl”də isə daha çox Polina Rəhimova baş roldadır. Amma bizdə kollektiv oyunu var. Hər birimizin üzərində böyük məsuliyyət var. Eyni zamanda, yaxşı baş məşqçiyə də malikik. Ona görə də artıq əminliklə deyə bilərəm ki, bəzi komandalar bizdən çəkinir.

- Azərbaycan voleybolunda yerlidən çox əcnəbi var. Özünüzü legionerlər içində itib-batan saymırsınız ki?
- Bəli, Azərbaycan çempionatında yerlidən çox əcnəbi var və bu mənə çox təsir pis edir. Əlbəttə, mən bir azərbaycanlı qızı kimi istərdim ki, daxili çempionatda daha çox yerlilər oynasın. Lakin indiki məqamda bu həqiqətdir ki, çox oyunçumuz yoxdur. Çox gözəl sual verdiniz. Nə yalan deyim... Daha çox əcnəbi dil eşitdiyimə görə, bəzən özümü vətəndə legioner kimi hiss edirəm. Komanda yoldaşlarım başqa millətlərdən olsa da, bir doğmalıq var.

- Razılaşaq ki, bu amil inkişaf anlamına gəlməz. Əgər həmin legionerlər sabah getsə, təzələri gəlməsə, demək olarmı ki, Azərbaycanda liqa olmayacaq?
- İnkar eləyə bilmərəm. Elə də olacaq. Düzdür, gənc voleybolçularımız yetişir. Amma onların nə dərəcədə inkişaf edəcəkləri məlum deyil. Yəni, 100 faizlik heç nə yoxdur. Legionerlər olmasa, Azərbaycanda liqa olar, amma hansı səviyyədə keçiriləcəyi maraq doğurur. Əgər saysan, Azərbaycanda cəmi 15 voleybolçu tapmaq olar. 15 nəfərdən isə ən maksimum ehtimal kimi 2 komanda yaratmaq mümkündür.

- Baş məşqçiniz braziliyalıdır. Bu mənada futbolla maraqlanmağınız normal haldır. Siz necə futbola maraq göstərirsiniz?
- Yenə maraqlı məqama toxundunuz. Mənim uşaqlıq arzum futbolçu olmaq idi. Atam futbolun fanatıdır. Amma o zamanlar qadın futbolu olmadığı üçün, arzularımı dəfn etdim. Atam və anam bildirdi ki, bu, mümkün deyil. Amma indi də futbol oynamağı sevirəm. Həyat yoldaşım Tunc Afşar da futbol adamı olduğuna görə, onunla bərabər oyunları seyr edirəm.

- Hansı komandamıza azarkeşlik edirsiniz?
- Belə də çox maraqlandığım yoxdur.

- Naxçıvanda böyüdüyünüzü nəzərə alsaq, yəqin hazırda “Neftçi” klubunu çalışdıran Böyükağa Hacıyevi tanıyırsınız…
- Bəli, tanıyıram. Amma mən heç vaxt “Neftçi”nin azarkeşi olmamışam. Yəni mənim Azərbaycan liqasına heç bir marağım yoxdur. Bəlkə də, səhv edib maraq göstərməmişəm. Düzdür, hər zaman “Neftçi”nin uğurları haqqında eşitmişəm. Sözsüz ki, onların uğurlarına sevinmişəm. Amma azarkeş olmamışam.

- Azərbaycanlı voleybolçulardan fərqli, ölkə xaricində futbolçumuz demək olar yoxdur. Sizcə, bu nə ilə bağlıdır?
- Səbəblər müxtəlif ola bilər. İlk növbədə özünü inandırmalısan ki, sən Rusiyada, İtaliyada oynayanlardan heç də geri qalmırsan. İnkişaf etmək istəyən adam öz üzərində mütləq çalışmalıdır. Sadəcə, danışmaqla heç nə alınmır.