“Fənərbaxça” Bakıya qalib kimi gəlir
19.12.2011 - 10:37
“Fənərbaxça” Bakıya qalib kimi gəlir
Avrokuboklarda mübarizə aparan Azərbaycan klublarının rəqibləri ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, dekabrın 20-də “Rabitə”nin qonağı olacaq “Fənərbaxça” Bakıya gözəl əhval-ruhiyyədə gələcək.

Belə ki, onlar “Azərreyl”in sabiq baş məşqçisi Adnan Kistakın çalışdırdığı “Beşiktaş”a 3:0 (25:14, 25:20, 25:17) hesabı ilə qalib gəliblər.

Türkiyə super Liqasında mübarizə aparan və sabah “Azərreyl”lə oynayacaq “Vakıfbank TTelekom”da turu qələbə ilə başa vurub. Onlar “İBA Kimya TED Kolejliler”i 3:0 (25:23, 25:15, 25:18) hesabı ilə məğlub ediblər.

Faiq Qarayevin yetirmələrinin digər rəqibi – İtaliya “Foppapedretti”si isə yenə uduzub. “Skavolini”nin qonağı olan Berqamo təmsiçisi 1:3 (25:16, 21:25, 25:19, 25:22) hesabı ilə məğlub bitirib.

CEV kubokunun 1/8 finalında “İqtisadçı” ilə cütlük təşkil edən “Yamamay” da qələbəyə sevinib. Onlar “Urbino”ya 3:1 (28:30, 25:16, 25:20, 25:17) hesabı ilə qalib gəliblər.