Bu dəfə “Rabitə” qalib gəldi, “Azərreyl” uduzdu - YENİLƏNİB
20.12.2011 - 23:56
Bu dəfə “Rabitə” qalib gəldi, “Azərreyl” uduzdu - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, IV turda Azərbaycan çempionu “Rabitə” Türkiyənin “Fənərbaxça” klubunu qəbil edib.

İlk matçda rəqibinə 0:3 hesabı ilə uduzan Zoran Qayiçin yetirmələri oyuna revanş arzusu ilə çıxaraq, bunu reallaşdırıblar. Düzdür, oyun komandamız üçün yaxşı başlamayıb. Rəqibin ardıcıl hücumları “Rabitə”ni çətin vəziyyətə salıb və nəticədə “sarı bülbüllər” hər 2 texniki fasiləyə öndə yollanıblar – 8:3, 16:12. Bundan sonra Zoran Qayiçin yetirmələri özlərinə gəliblər. Lakin voleybolçularımız hesabda bərabərlik yaratsalar da, bu qələbə üçün kifayət etməyib və “Fənərbaxça” 27:25 hesabı ilə qalib gəlib.

Növbəti hissə isə “Rabitə”nin oyununda dönüş nöqtəsi olub. Onlar setboyu hesabda geridə olsalar da, ruhdan düşməyiblər və sonda hesabda tarazlıq yaradıblar – 20:20. Bunun ardınca voleybolçularımız setlərinin hesabını da bərabərləşdirib – 1:1.

Məğlubiyyətdən şoka düşən “Fənərbaxça” növbəti hissələrdə əvvəlki kimi oynaya bilməyib. III setdə 20:25 hesabı ilə uduzan türklər son hissədə 17:25 məğlub olublar. Beləliklə, dünya son çempionlarının dueli “Rabitə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Bakı təmsilçisi “Fənərbaxça” ilə xal hesabını bərabərləşdirib. Lakin rəqib set fərqinə görə liderliyi əldən verməyib.

Çempionlar Liqasında digər təmsilçimiz “Azərreyl” isə Türkiyəyə səfər edib. Faiq Qarayevin yetirmələri Bakıda 3:0 hesabı ilə qalib gəldikləri “Vakıfbank TTelekom” komandasının qonağı olublar.

I dövrənin son turunda pley-offa vəsiqəni təmin edən “Azerreyl” bu matçda rəqibin güclü müqaviməti ilə üzləşiblər. Belə ki, komandamız ilk hissədə qələbə qazansa da, sonda məğlubiyyətdən qaça bilməyib. Onlar hətta ikinci setin ilk texniki fasiləsinə 0:8 hesabı ilə geridə yollanıblar. Bunun nəticəsi olaraq, Çempionlar Liqasının son qalibi hesabı asanlıqla bərabərləşdirib.

Üçüncü set xalaxal prinsipi ilə getsə də, üstün olan tərəf rəqib olub – 25:23. Ancaq ardıcıl 2 hissədə məğlubiyyət Faiq Qarayevin yetirmələrini ruhdan salmayıb.

Lakin IV hissədə hesabı yenidən bərabərləşdirən və tay-brekdə də 2 xal öndə olan (12:10) “dəmiryolçular” yekunda uduzublar – 2:3. Məğlubiyyətə baxmayaq, “Azərreyl” 1 xal qazanıb və vahid liderliyini davam etdirir.

20 dekabr

IV tur

B qrupu
“RABİTƏ” (AZƏRBAYCAN) – “FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - 3:1 (25:27, 27:25, 25:20, 25:17)
Hakimlər: Harald Sodja (Avstriya), Viktor Kozlovski (Ukrayna)
“Sərhədçi” Olimpiya Mərkəzi

İlk oyun
“FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - “RABİTƏ” (AZƏRBAYCAN) - 3:0 (25:20, 29:27, 25:18)

Fənərbaxça 4 3 1 10-3 318-280 9
Rabitə 4 3 19-4 317-279 9
Myulhaus 3 1 2 3-7 196-240 3
Dresdner 3 0 3 1-9 208-240 0


D qrupu
“VAKIFBANK TTELEKOM” (TÜRKİYƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (21:25, 25:14, 25:23, 20:25, 15:12)
Hakimlər: Qoran Qradinski (Serbiya), Marko Seyfrid (Sloveniya)
İstanbul, Burhan Fələk Salonu

Azərreyl 4 3 1 11-4 347-314 10
Vakıfbank TTelekom 4 3 1 9-5 324-281 8
Tomis 3 1 2 3-8 215-254 2
Foppapedretti 3 0 3 3-9 236-273 1


İlk oyun
“AZƏRREYL” (AZƏRBAYCAN) – “VAKIFBANK TTELEKOM” (TÜRKİYƏ) - 3:0 (25:23, 25:21, 26:24)