Keti Radzuveyt: “Rabitə”yə keçdiyimə görə heyfsilənmirəm
30.12.2011 - 12:30
Keti Radzuveyt: “Rabitə”yə keçdiyimə görə heyfsilənmirəm
“Mənim mövqeyimdə rəqabət həddindən artıq böyükdür. Bu səbəbdən daha çox ehtiyatda qalıram”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə”nin voleybolçusu Keti Radzuveytə məxsusdur.

Almaniya millisinin də şərəfini qoruyan 29 yaşlı oyunçu “Rabitə”dəki çıxışı, eyni zamanda Bakı barəsində fikirlərini bildirib.

196 sm boya malik Ketinin çıxış etdiyi mərkəz blokçusu mövqeyində serbiyalılar – Nataşa Krsmanoviçlə Mira Qoluboviç çıxış edirlər. Üstəlik, “Rabitə”nin baş məşqçisi Zoran Qayiç də onların həmyerlisidir.

Bu amili xüsusi qabardan alman həmkarlarımız Radzuveytin daimi start heyətində yer almamağının, amma İsveçrənin Bazel şəhərində qalibi olduqları “Top Volley İnternational” beynəlxalq turnirində daha çox oynadığını ön plana çəkiblər: “Elə mən də bu turnirdə meydanda daha çox oyun keçirdiyim haqda düşündüm. Mən “Rabitə”yə bu il transfer olunmuşam. Ancaq komandada çox az çıxış etmişəm. Bununla belə, Bakı klubunu seçdiyimə görə heyfsilənmirəm. Yenidən Çempionlar Liqasında çıxış etmək istəyirəm. Baş məşqçimiz Qayiç təlimatlarını adətən serbcə bildirir. İndi bəzi şeyləri başa düşürəm. Ancaq anlamadıqlarımı komanda yoldaşlarım həmişə tərcümə edirlər”.

Qeyd edək ki, məhz Qayiçin istəyi ilə transfer olunan Ketinin “Rabitə” ilə müqaviləsi 2012-ci ilin aprelində başa çatacaq.