Fasilə bitdi: “Bakı” çempiona qarşı
05.01.2012 - 15:55
Fasilə bitdi: “Bakı” çempiona qarşı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış 19 günlük fasilə sabah başa çatacaq. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın istirahət edəcəyi V turda 3 qarşılaşma keçiriləcək.

Tura debütantların – “Azəryolservis”lə “Lokomotiv Biləcəri”nin dueli isə start veriləcək. Yenicə yaranan klubların duelində nominal ev sahibləri aşkar favoritdirlər. Lakin turnir cədvəlində məğlubiyyət xallarına görə irəlidə olan “Lokomotiv Biləcəri” də sensasiya edə bilər. Çünki heyətlərində kifayət qədər təcrübəli voleybolçular olan hər 2 klub hələ ki, qələbəyə həsrətdirlər.

Günün mərkəzi görüşü isə “Bakı” və “Rabitə” arasında olacaq. Hələ məğlubiyyət acısı dadmayan Super Liqanın liderlərinin duelində son Azərbaycan çempionunun qalib gələcəyi daha inandırıcıdır. Lakin bu “Rabitə” üçün heç də asan olmayacaq. Çünki “Bakı” “Çelenc Cup”da daxil olmaqla, 8 oyundur qələbə qazanır. Onlar özləri də bu seriyanın qırılmasını arzulamadıqları üçün meydanda bütün güclərini ortaya qoyacaqlar.
Tura digər maraqlı – “Lokomotiv” – “Azərreyl” oyunu ilə yekun vurulacaq.

“Dəmiryolçular”ın qarşılaşmasında Faiq Qarayevin yetirmələri güclü olsalar da, Draqutin Baltiçin komandası məğlub olacağı halda, medallar uğrunda işini çətinə salacaq. Bunun üçün bu görüşün də ilk 2 oyun kimi gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

6 yanvar
V tur


15:00. “AZƏRYOLSERVİS” – “LOKOMOTİV BİLƏCƏRİ”
17: 00. “BAKI” – “RABİTƏ”
19:00. “LOKOMOTİV” – “AZƏRREYL”


1. Bakı 4 4 0 12-0 8
2. Rabitə 2 2 0 6-1 4
3.Azərreyl 2 2 0 6-1 4
4. İqtisadçı 3 1 2 4-7 4
5.Lokomotiv Biləcəri 4 04 0-12 4
6. Lokomotiv 2 1 1 3-3 3
7. Azəryolservis 3 0 3 2-9 3


Qeyd edək ki, bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.