Braziliyalı dünya çempionu Azərbaycanda! - EKSKLÜZİV
06.01.2012 - 14:30
Braziliyalı dünya çempionu Azərbaycanda! - EKSKLÜZİV
Bakının “Lokomotiv” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ötən il “Çelenc Cup”ın finalınadək irəliləyən “dəmiryolçular” bu mövsüm həmin turniri qazanmaq arzusunda olduqlarından, növbəti transferlərini reallaşdırıblar.

Komanda qış “transfer çərçivəsi”ndə Braziliyanın “Sollis Nestle” klubunun hücumçusu Yuliana Nasimento Kostanı rənglərinə bağlayıb. 29 yaşlı voleybolçu ilə mövsümün sonunacan müqavilə imzalanıb.

184 sm boya malik Kosta bununla ilk dəfə vətənindən kənarda oynayacaq. O, “Sollis Nestle”dən öncə “Botafoqo”, “San-Kaetano”, “Rexona”, “Osasko” (“Sollis Nestle” əvvəlcə belə adlanırdı), “Ol Kampos”, “Brasil Telecom” və “Pinheyros” komandalarında forma geyinib.

Dəfələrlə Braziliya çempionu və ölkə kubokunun sahibi olub. O, həmçinin “sambaçılar”ın heyətində gənclər arasında dünya çempionu adını qazanıb.

Kosta ötən ilin sonunda klublararası dünya çempionatının qrup mərhələsində “Sollis Nestle”nin heyətində “Rabitə”yə qarşı oynayıb və məğlub olub. Lakin yekunda Braziliya təmsilçisi yarışın üçüncüsü adına yiyələnib. Yuliananın isə hətta yay “transfer pəncərəsi” çərçivəsində “Azərreyl”ə keçidi gündəmdə olub. Lakin son anda bu transfer baş tutmayıb.