“Rabitə”dən almanlara növbəti dərs - YENİLƏNİB
10.01.2012 - 18:15
“Rabitə”dən almanlara növbəti dərs - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Bakının “Rabitə” klubu qrup mərhələsinin son ev matçında Almaniya “Dresdner”ini qəbul edib.

Komandamız bu matçda da Almaniyadakı kimi “quru hesab”lı qələbə qazanıb. Belə ki, oyun Zoran Qayiçin yetirmələrinin hücumları ilə start götürüb. Təmsilçimiz setboyu hesabda irəlidə olsa da, hissənin sonlarında “Dresdner”in müqaviməti ilə üzləşib. Lakin buna baxmayaraq, voleybolçularımız təşəbbüsü əldən verməyiblər və ilk fasiləyə qalib kimi yollanıb – 1:0.

İkinci setdə də “Rabitə” rəqibindən üstün olub. Onlar ilk hissədə olduğu kimi bu dəfə də 25:17 hesablı qələbəni 17 dəqiqəyə qazanıblar.

III setdə bütün gücünü ortaya qoyan Almaniya çempionu yenə heç nə ilə yadda qalmayıb. Hətta aparıcı voleybolçusu Nataşa Osmokroviçin yoxluğunda belə “Rabitə” hücumda dəqiq, blokda keçilməz olub. Beləliklə, üçüncü hissəni də asanlıqla aktivinə yazan dünya çempionları keçirdikləri 5-ci matça 4-cü qələbələrini qazanıblar. Bu isə “Rabitə”ni müvəqqəti də olsa, birinci pilləyə yüksəldib.

3:0 hesablı qələbə sayəsində Zoran Qayiçin yetirmələri həm də yekunda qrup lideri olmaq şanslarını saxlayıblar. Çünki komandamız son turu da qələbə ilə başa vurarlarsa və əsas rəqibləri “Fənərbaxça” 2 oyunda cəmi 2 setdə uduzarsa, “Rabitə” növbəti mərhələyə qrup birincisi kimi yüksələcək.

V tur

10 yanvar
“RABİTƏ” (AZƏRBAYCAN) – “DRESDNER” (ALMANİYA) - 3:0 (25:17, 25:17, 25:16)
Hakimlər: Ritvars Alksnis (Latviya), Krassimir Todorov (Bolqarıstan)
“Sərhədçi” Olimpiya Mərkəzi

İlk oyun: “DRESDNER” (ALMANİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 0:3 (22:25, 19:25, 21:25)



Rabitə 5 4 1 12-4 392-329 12
Fənərbaxça 4 3 1 10-3 318-280 9
Myulhaus 4 1 3 3-10 248-315 3
Dresdner 51 4 4-12 333-367 3


Qeyd edək ki, qrupumuzun digər matçında sabah “Fənərbaxça” (Türkiyə) “Myulhaus”u (Fransa) sınağa çəkəcək.