Erika Koimbra: Bütün gecəni oynadıq
10.01.2012 - 13:00
Erika Koimbra: Bütün gecəni oynadıq
“Onlar İtaliya çempionatında birinci yeri tuturlar. Bu səbəbdən düşərgələrində ruh yüksəkliyi hökm sürür”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Erika Koimbra deyib.

Sabah CEV kubokunun 1/8 final mərhələsində qarşılaşacaqları “Yamamay”la (İtaliya) oyuna münasibət bildirən braziliyalı legionerin sözlərinə görə, A seriyasında məğlubedilməz olan rəqib komandanın qələbə seriyasına son qoymağa çalışacaqlar: “Rəqibimiz cari mövsümdə 11 oyun keçirib və hamısında qalib gəlib. Hazırda A seriyasının da vahid lideridir. Ümid edirəm ki, biz bu komandanı dayandıra biləcəyik. Ancaq onu da bilirik ki, bəzi çətinliklərimiz var. Düzdür, yeni transferimiz Kristina Fernanda Ferreyranın gəlişi ilə heyətimizi gücləndirdik. Mən onun gəlişinin arzusunda idim”.

Koimbra, həmçinin Super Liqada çıxış edən legionerlərlə Bakıda möhtəşəm karnaval keçirdikləri və 2012-ci ili paytaxtımızda Braziliyadakı kimi qarşıladıqlarından da söhbət açıb.

Belə ki, klublarımızın üzvlər Braziliyada məşhur olan mahnıları oxuyaraq, “samba” oynayıblar. Koimbra bildirib ki, bütün gecəni oxuyublar: “Çox əla Yeni il bayramı oldu. Biz bütün gecəni oxuyub-oynadıq. Bilirik ki, Braziliyadakı mahnıları Belarus, ABŞ və Xorvatiyadan da olan qızlar xoşlayırlar. Gecədə, həmçinin Hollandiya, Argentina, Kuba, İtaliya, Azərbaycandan və əlbəttə ki, Braziliyadan idmançılar iştirak edirdilər. Bəzi komandalarla birgə böyük toplanış keçirdik. “Azərreyl”dən həmyerlim Paulino De Souza Pereyra, “Bakı”dan baş məşqçi Ancelo Vercesi, oyunçular Barboza Cibele və Alessandra Fratonini də bizimlə idi”.

Qeyd edək ki, “Yamamay” – “İqtisadçı” oyunu yanvarın 11-də keçiriləcək.