Biri Bakıda, digəri Splitdə
10.01.2012 - 15:23
Biri Bakıda, digəri Splitdə
Azərbaycanı qadın voleybolçular arasında “Çelenc Cup”da təmsil edən “Lokomotiv” və “Bakı” sabah növbəti oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsinin ilk görüşlərini komandalarımızdan biri evdə, digəri səfərdə keçirəcək.

Belə ki, yarışa II təsnifat mərhələsindən başlayan və Macarıstanın “Vaşaş” klubunu mübarizədən kənarlaşdıran “dəmiryolçular” bu dəfə Xorvatiyanın “ZOK Split” komandasının gücünü yoxlayacaq. Lakin Split şəhərində baş tutacaq oyun Draqutin Baltiçin yetirmələri üçün heç də asan keçməyəcək. Çünki rəqib avrokuboka “Çelenc Cup”dan daha səviyyəli CEV kubokunda başlayıb və burada kifayət qədər güclü olan Krasnodar “Dinamo”suna uduzub. Məhz bu səbəbdən də cütün taleyinin Bakıda müəyyənləşəcəyi daha inandırıcıdır. Lakin bu o demək deyil ki, “Çelenc Cup”ın favoriti və ötən mövsüm yarışın finalına kimi irəliləyən Bakı təmsilçisi Splitdə “quru hesablı” qələbə qazansa, bu, sensasiya olacaq. Yəni “Lokomotiv” son turda Super Liqada “Azərreyl”ə qarşı oynadığı kimi çıxış edərsə, qələbə qazanmağı çətin olmayacaq.

İlk 2 mərhələdə Kiprin “Famaqusta” və Fransanın “Evre” klublarından güclü olan “Bakı” isə “Apollon”la qarşılaşacaq. Voleybolçularımızın ilk təsnifat mərhələsində olduğu kimi kiprlilərə asan qalib gələcəkləri gözlənilir. Çünki çox güclü olan “Çelenc Cup”ın debütantı qarşıya çempionluq məqsədi qoyub və ən azından paytaxtımızdakı oyunda gücünü qonaqlara göstərəcək. Düzdür, “Apollon” da “ZOK Split” kimi CEV kubokundan gəlib. Lakin onlar elə də güclü hesab olunmurlar və heyətləri də demək olar ki, zəifdir. Bunun üçün “Bakı”nın həm evdə, həm də səfərdə qələbə qazanması inandırıcıdır.

11 yanvar

1/16 final mərhələsi, ilk oyunlar


19:30. “BAKI” (AZƏRBAYCAN) – “APOLLON” (KİPR)
Hakimlər: Kirill Nesterenko (Rusiya), Qad Eyzikovits (İsrail)
Bakı İdman Sarayı

20:00. “ZOK SPLİT” (XORVATİYA) – “LOKOMOTİV” (AZƏRBAYCAN)
Hakimlər: Antonello Kalleja (Malta), Kristof Lekourt (Fransa)
Spaladium Arena Split

Qeyd edək ki, cavab oyunları 1 həftə sonra olacaq.