Gözlənilən məğlubiyyət - YENİLƏNİB
12.01.2012 - 01:10
Gözlənilən məğlubiyyət - YENİLƏNİB
Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı” voleybol klubu bu gün CEV kubokunda üçüncü oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ilk görüşünü səfərdə keçirən paytaxt təmsilçisi İtaliyada “Yamamay”ın qonağı olub.

Əvvəlcədən gözlənildiyi kimi görüş komandamızın məğlubiyyəti ilə nəticələnib. Düzdür, bu mövsüm A seriyasında və CEV kubokunda məğlubiyyət acısı yaşamayan rəqibi cəzalandırmaq olardı. Lakin “İqtisadçı” bərabər səviyyədə keçən ilk setin sonlarında öz səhvinin qurbanı olub. Belə ki, voleybolçularımız 23:22 hesabı ilə öndə olduqları hissədə qələbə qazana bilməyiblər və dramatikliyi ilə yadda qalan seti “Yamamay” aktivinə yazıb – 26:24.

Matç ərəfəsində baş məşqçi Emanule Sbanonun Bakı klubundan kənarlaşdırması və komandanı oyuna köməkçi-məşqçi Eldar Əliyevin çıxarması da “tələbələr”in uğursuz çıxışına son qoymayıb. İlk setdə məğlubiyyətdən sonra növbəti hissədə psixoloji gərginlik rəqibin xeyrinə işləyib. Onlar bu dəfə təmsilçimizə daha asan – 25:17 hesabı ilə qalib gəliblər.

Üçüncü hissədə Əliyevin taktiki gedişi və “İqtisadçı”nın oyunda dönüş yaratmaq istəyi də öz bəhrəsini verməyib. Komandamız ilk texniki fasiləyə 2 top öndə yollanıb. Hətta onlar bu üstünlüyünü axıra qədər qorusalar da (22:20), son nöqtəni qoyan tapılmayıb. Yenə birinci setdəki səhvlər, yenə psixoloji gərginlik “Yamamay”ın qələbəsi ilə nəticələnib – 27:25.

Lakin 0:3 hesablı məğlubiyyətə baxmayaraq, “İqtisadçı” 1/4 finala yüksəlmək şansını itirməyib. Onlar bir həftə sonra Bakıda keçiriləcək oyunda qalib gəlməklə, “Qızıl set”ə ümid edəcəklər.

11 yanvar
1/8 final mərhələsinin ilk oyunu


“YAMAMAY” (İTALİYA) – “İQTİSADÇI” (AZƏRBAYCAN) - 3:0 (26:24, 25:17, 27:25)
Hakimlər: İskra Zidaniç (Xorvatiya), Lemonia Moula (Yunanıstan)
Palayamayay Busto Arsizio