Culiya Pisani: Nəticə oyuna görə olmadı
12.01.2012 - 11:15
Culiya Pisani: Nəticə oyuna görə olmadı
“Şübhəsiz ki, 3:0 hesabı ilə qalib gəlsək də, bu oyunun gedişini əks etdirmir. Hər halda, nəticə oyuna görə olmadı. Biz gərgin mübarizənin şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər İtaliyanın “Yamamay” klubunun voleybolçusu Culiya Pisaniyə məxsusdur.

19 yaşlı blokçu CEV kubokunun 1/8 final mərhələsinin ilk matçında Bakının “İqtisadçı” klubuna heç də asan qalib gəlmədiklərini bildirib. Onun sözlərinə görə, son anda daha diqqətli olmaları görüşün taleyini həll edib: “Fikrimcə, bəzən konsentrasiyanı itirə bilərsən. Hər halda biz maşın deyilik. Sona kimi mübarizə aparıb, lazımı qələbəni qazandıq”.

Pisani hesab edir ki, cütün taleyi hələ həll olunmayıb: “Növbəti mərhələyə yüksələcək komanda 2 oyunun nəticəsinə əsasən müəyyənləşir. “İqtisadçı” yaxşı komandadır. Ancaq onların lazımı anda son nöqtəni qoya bilən voleybolçusunun olmamağı və topu meydana düzgün daxil etməkdə problemləri uduzmaları ilə nəticələndi. Bizdə isə növbəti oyunlarda hücumçularımız daha yaxşı çıxış edəcəklər və Bakıda ehtiyatlı olmalıyıq”.

Qeyd edək ki, “İqtisadçı” – “Yamamay” görüşü yanvarın 19-da keçiriləcək.