Orxan Aydın: Belə olan zaman komandamı dəyişmək istədim - MÜSAHİBƏ
19.01.2012 - 14:38
Orxan Aydın: Belə olan zaman komandamı dəyişmək istədim - MÜSAHİBƏ
Azərbaycan milli komandasının basketbolçusu Orxan Aydının apasport.az saytına eksklüziv müsahibəsi

- Siz müəyyən müddətdir ki, yığmanın maraq dairəsinə düşmüşdünüz. Sadəcə, son söz deməyə çətinlik çəkirdiniz. Lakin Basketbol Federasiyasının prezidenti Nadir Nəsibovla görüşdən sonra Azərbaycan milli komandasının şərəfini qorumağa razılıq verdiniz. Qərarınızda həlledici rolu nə oynadı?
- Nəsibovla danışıqlarımız çox yaxşı keçdi. Əlbəttə ki, hər 2 tərəfin istədiyi müəyyən şeylər vardı. Nadir bəy öz sözünü dedi və bizim üçün də açıq qalan məsələlərə aydınlıq gətirdi. Bunlar yekun qərarda rol oynadı. Mən özüm də çoxdandır ki, Azərbaycan yığmasında oynamaq istəyirdim. Lakin zədələr və bəzi səbəblər bunun reallaşmasına imkan vermirdi. Buraya gəlməyə imkan da olurdu. Amma indi doğma ölkəmizdəyəm və hər şey müsbət həllini tapdı. Artıq Azərbaycan yığmasının üzvüyəm. Komandamızın uğurlu çıxışı üçün bacardığım bütün köməkliyi edəcəyəm. İnşallah, uğurlu nəticələrə imza atacağıq.

- Bəs danışıqlarınız zamanı Basketbol Federasiyasının gələcək planları barədə müzakirələriniz oldumu? Nadir Nəsibov sizə hansısa tövsiyələri və ya tapşırıqları verdimi?
- O, mənə çox sağ ol dedi və təklifi qəbul etdiyim üçün təşəkkür etdi. Bildirdi ki, əlimdən nə gəlirsə, mən də sənə kömək edəcəyəm. İstər burada, istərsə də Türkiyədən bunu etməyə hazır olduğunu söylədi.

- Azərbaycan klubları çox zəif olduğu üçün çempionatımız da maraqsız keçir. Lakin onlarla müqayisədə millimiz güclənir. Görüşünüzdə növbəti mövsüm üçün yığmamızın aparıcı üzvlərini bir yerə yığaraq, möhtəşəm komanda yaratmaq və avrokuboklarda çıxış barədə təklif irəli sürüldümü?
- Xeyr, bu barədə nəsə söhbət olmadı. İnşallah, pul ayırsalar, vaxtı gələndə o da gerçəkləşər.

- Basketbol Federasiyası sizlə yanaşı, komandaya bir neçə əcnəbi də cəlb edib. Necə fikirləşirsiz, ilk dəfə çıxış edəcəyimiz Avropa çempionatında nəyəsə nail ola biləcəyikmi?
- Realist olmaq lazımdır. Bu bir qədər çətin görünür. Lakin mən qrupumuzda rəqiblərimizdən yalnız Almaniya milli komandasının oyununa bələdəm. Digərləri barədə elə də məlumatım yoxdur. Onların heyətinə nəzər salmaq lazımdır. Amma bizim də komandamızda hansı amerikalının yer alacağı da əhəmiyyətli olacaq. Onların da köməyinin millimizə böyük xeyri dəyəcək. Bunun üçün uğura nail olmaq da mümkündür. Hamımız da əlimizdən gələni edəcəyik ki, çıxışımız yaxşı alınsın. Təbii ki, mərhələ adlasaq, bu Azərbaycan tarixində ilk olacaq.

- Legionerlərimizdən söz saldınız. Ümumiyyətlə, onlar barədə məlumatınız varmı?
- Bəli, bu basketbolçulardan Çarlz Devis və Rasim Başakı tanıyıram. Digərləri barədə isə elə də məlumatım yoxdur. Yalnız bir basketbolçu kimi onların oyununa bələdəm.

- Bəs baş məşqçi Elxan Əliyevlə söhbətiniz olubmu? Ona hansı mövqedə oynamaq istəyinizi demisinizmi?
- Onunla danışığımız olub. Təbii ki, hansı mövqedə oynamağımla bağlı söhbət ən önəmli məsələlərdən biri idi. Baş məşqçiyə bildirdim ki, 3 nömrəli mövqedə oynamaq istəyirəm. O da dedi ki, komandada bu mövqedə oynayan basketbolçumuz yoxdur. Sən olacaqsız. Bu, yeni mövsüm üçün tamamilə sənin üzərində qurulub.

- Bu mövsüm həm də sizin klub karyeranızda dəyişiklik oldu. “Türk Telekom”u “Aliağa Petkim”a dəyişdiniz. Yeni klubunuzda işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Ötən mövsüm Ankaranı təmsil edən “Türk Telekom”un gənclər komandasında çıxış edirdim. Lakin orada məşqçi dəyişikliyindən sonra yeni çalışdırıcı mənə etimad göstərmədi və heyətdə daimi yer vermədi. Belə olan zaman mən də komandamı dəyişmək istədim, “Aliağa Petkim”a transfer olundum. İzmirdə hər şey ürəyimcədir. Balaca şəhərdir və əsas heyətdə oynayıram. Meydana çıxdıqca da inkişaf edirəm, təcrübəm artır. İnşallah, hansısa maneə olmasa 2-3 ilə də böyük klublarda oynamağı düşünürəm.

Tahir HÜMMƏTOV