“Mənim üçün “Dinamo”, yaxud “Rabitə” ilə düşməyin heç bir fərqi yoxdur”
19.01.2012 - 15:24
“Mənim üçün “Dinamo”, yaxud “Rabitə” ilə düşməyin heç bir fərqi yoxdur”
“Şəxsən mənim üçün rəqibin heç bir fərqi yoxdur. Çünki Avropanın top komandaları hamısı eyni səviyyədədir”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının (ÇL) 1/8 finalında Bakının “Azərreyl” və “Rabitə” komandalarının potensial rəqibi olan “Bank Fakro”nun (Polşa) voleybolçusu Coanna Kaszor deyib.

Klubunun kapitanı bu gün Lüksemburqda baş tutacaq ÇL-in növbəti mərhələsinin püşkatma mərasimindən öncə fikirlərini açıqlayıb. O, ötən il analoji yarışın pley-off mərhələsində uduzduğu Azərbaycan çempionu ilə yenidən yollarının kəsişməsi mümkün olduğundan, təmsilçimizlə cütlük təşkil etmələrindən ehtiyatlanmır: “Mənim üçün Kazan “Dinamo”su, İstanbul “Vakıfbank TTelekom”u, yaxud Bakı “Rabitə”si ilə düşməyimizin heç bir ciddi əhəmiyyəti yoxdur. Biz ötən matçlarımızı unutmuruq və bundan sonra nə olacağına konsentrasiya olmuşuq. Hələ qarşıda uzun marafon və çoxlu rəqiblərimiz var. Ümid edirəm ki, düşəcəyimiz komandalardan asılı olmayaraq, biz növbəti mərhələyə çıxa biləcəyik”.

Qeyd edək ki, “Bank Fakro” 1/8 finala qrup üçüncüsü kimi yüksəlib.