Karlo Parisi: Bakı komandası əsəblərimizlə çox oynadı
20.01.2012 - 11:10
Karlo Parisi: Bakı komandası əsəblərimizlə çox oynadı
“Bizim üçün qələbə qazanmaq vacib idi. Bakı komandası çox gözəl mübarizə apardı və əsəblərimizlə çox oynadı”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun baş məşqçisi Karlo Parisi deyib.

Təcrübəli mütəxəssis CEV kubokunun 1/8 final mərhələsində Bakının “İqtisadçı” klubuna hər 2 görüşdə qalib gəlməsindən məmnun olub. O bildirib ki, İtaliyadan fərqli, Azərbaycandakı görüşdə çətin qələbə qazanıblar: “Hücumlarımız istədiyimiz kimi alınmırdı. Rəqib evdə oynadığından cütün taleyini “Qızıl set”ə saxlamaq istəyirdi. Lakin çox şadıq ki, son anda çətin vəziyyətdən çıxa bildik və mərhələ adladıq”.

Qeyd edək ki, “İqtisadçı”ya İtaliyada 3:0 hesabı ilə qalib gələn “Yamamay” Bakıda 3:2 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Universitet komandası isə CEV kuboku ilə vidalaşıb.