Debütant “ilk üçlük”də
22.01.2012 - 10:26
Debütant “ilk üçlük”də
Basketbol üzrə kişilər arasında Azərbaycan çempionatında yaranmış fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, 28 günlük istirahətdən sonra II dövrənin oyunlarına start verilib.

VI turda 3 oyun baş tutub ki, onların heç birində sensasiya qeydə alınmayıb. Belə ki, “Araz” – “NTL-Tudor” matçında gözlənilən kimi birincilər asan qələbəyə seviniblər. İlk dövrədə 93:86 hesabı ilə qalib gələn “Araz” bu dəfə debütantı 76:53 hesabı ilə məğlub edib.

Autsayderlər - BDU ilə “AZTOP”un oyunu da daha məhsuldar alınıb. İlk matçda 37 xal (86:49) fərqi ilə qalib gələn “AZTOP” ikinci oyunda daha yaxşı oynayaraq, 99:54 hesabı ilə qələbə qazanıb. Bu 2 xal həm də onları liderlər qrupuna qaldırıb. “AZTOP” basketbolçuları 2 rəqibini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.

Tura “Qala” – “Çağ Öyrətim” görüşü ilə yekun vurulub. İkinci yer uğrunda “vuruşan” bu komandaların qarşılaşmasında Elxan Əliyevin yetirmələri daha güclü olublar. Onlar ilk dövrədə olduğu kimi (77:63) yenə də “şagirdləri” məğlub ediblər – 94:58. Nəticədə “Qala” turnir cədvəlinin ikinci pilləsindəki yerini qoruyub, “Çağ Öyrətim” isə top fərqinə görə 4-cü pilləyə enib.

VI tur
“Araz” – “NTL-Tudor” – 76:53
BDU – “AZTOP” – 54:99
“Qala” – “Çağ Öyrətim” – 94:58

1. Araz 6 6 0 595-341 12
2. Qala 6 4 2 427-316 10
3. AZTOP 6 3 3 446-426 9
4. Çağ Öyrətim 6 3 3 398-435 9
5. NTL-Tudor 6 2 4 342-371 8
6. BDU 6 0 6 276-588 6