Mövsümün derbisi: “Rabitə”nin üstünlüyü, məşqçi amili və bombardirlərin dueli
24.01.2012 - 15:28
Mövsümün derbisi: “Rabitə”nin üstünlüyü, məşqçi amili və bombardirlərin dueli
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün ən maraqlı derbisi – “Rabitə” - “Azərreyl” matçı da məhz bu turda baş tutacaq.

Çempionlar Liqasının iştirakçılarının mübarizəsinin olduqca gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Lakin görüşdə “Rabitə”ni favorit saysaq, səhv etmərik. Çünki ötən mövsümdə də onların hər 2 görüşdə qalib gəlmələri, uduzmaq şanslarının az olması kimi qiymətləndirilir. Lakin bir amili unutmaq da düzgün deyil. Belə ki, ötən illə müqayisədə bu dəfə “Azərreyl”i təcrübəli mütəxəssis Faiq Qarayev çalışdırır (Super Liqanın oyunlarına komandanı Vüqar Əliyev çıxarsa belə baş məşqçinin tapşırıqlarını yerinə yetirir). Məhz bu amil “Rabitə”nin əleyhinədir.

Bu derbini həmçinin yığmamızın hücumçuları – Natalya Məmmədova və Polina Rəhimovanın dueli daha maraqlı edəcək. Lakin “Rabitə”ni çalışdıran Zoran Qayiç də yaxşı bilir ki, oyunu Məmmədovanın üzərində qursa, bu məğlubiyyətlə nəticələnə bilər. Çünki əks cəbhədə olan baş məşqçi Faiq Qarayev və millimizin digər voleybolçuları bu hücumçunun oyununa yaxşı bələddirlər və onu “bağlamaq” yolunu bilirlər.

Bununla yanaşı, hər 2 mütəxəssis 2011/2012 mövsümündə ilk dəfə qarşılaşacaqlar və heç biri komandasının çempionatda birinci məğlubiyyətini asan qəbul etməyəcək. Məhz bu səbəblər “Rabitə” – “Azərreyl” görüşünü daha maraqlı edəcək və yəqin ki, qalib həlledici setdə müəyyənləşəcək.

Tur çərçivəsində derbidən savayı digər oyunların da gərgin keçəcəyi gözlənilir. Çünki günün ilk qarşılaşmasında üz-üzə gələcək hər 2 klub - “Lokomotiv Biləcəri” ilə “İqtisadçı” “uğursuzluq zolağından” çıxmağa çalışacaqlar. Düzdür, ikincilər güclü heyətə malikdirlər. Lakin son oyunlarda məğlubiyyətlər “tələbələrdə” psixoloji gərginliyi artırdığından və “Lokomotiv Biləcəri”nin ilk qələbə arzusunda olması cütün taleyinin heç də asan həll ediləcəyindən xəbər vermir. Buna baxmayaq, “İqtisadçı” öz oyununu taparsa, “quru hesabla” da qalib gələ bilər.

“Azəryolservis” – “Lokomotiv” qarşılaşmasında “dəmiryolçular” qələbə seriyasını davam etdirməyə çalışacaqlar. Lakin onların bunu asan əldə edəcəkləri inandırıcı deyil.

Bu matç həm də debütantın baş məşqçisi Aleksandr Çervyakov üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ötən il “Lokomotiv”dən istefaya göndərilən mütəxəssis xələfi Draqutin Baltiçdən güclü olduğunu nümayiş etdirmək üçün bütün “gizli silahlarını” işə salacaq.

25 yanvar
VII tur


15:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “İQTİSADÇI”
Hakimlər: Ceyhun İsmayılov, Ruhid Xəlilov

17:00. “AZƏRYOLSERVİS” – “LOKOMOTİV”
Hakimlər: Murad Abdurahmanzadə, Eldar Zülfüqarov

19:00. “RABİTƏ” – “AZƏRREYL”
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin

1.Bakı64213-610
2.Rabitə44012-18
3.Azərreyl44012-48
4.Lokomotiv4228-66
5.Azəryolservis5145-126
6.İqtisadçı4134-105
7.Lokomotiv Biləcəri5050-155