“Lokomotiv” “Vizura”ya gücünü göstərdi - YENİLƏNİB
01.02.2012 - 19:41
“Lokomotiv” “Vizura”ya gücünü göstərdi - YENİLƏNİB
Bu gün Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup”da 1/8 final mərhələsində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri doğma divarlar arasında Serbiyanın “Vizura” komandasını qəbul ediblər.

Ötən il analoji yarışın finalına kimi irəliləyən “dəmiryolçular” bu dəfə çempion olmağı qarşılarına məqsəd qoyduqlarından, yenə də qələbəni əldən verməyiblər. Düzdür, rəqib “dəmiryolçular”a ilk setdə ciddi müqavimət göstərib. Lakin bu voleybolçularımızı ruhdan salmayıb və onlar əzmkarlıq nümayiş etdirərək, 5 top fərqi ilə qalib gəliblər.

Növbəti hissədə də “Lokomotiv” üstün oyun nümayiş etdirib və “Vizura”nı asan məğlub edib. Lakin III set komandamız üçün uğursuz olub. Sadə səhvlərə yol verən voleybolçularımız arxayınçılığın qurbanı olub – 2:1.

Buna baxmayaraq, serblərin bundan artığına gücləri çatmayıb və “dəmiryolçular” 3:1 hesabı ilə qələbə qazanıblar. Artıq komandamız 1 həftə sonra səfərdə keçiriləcək cavab matçına rahat yollana bilər.

1 fevral
1/8 final mərhələsinin ilk oyunu


“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VİZURA” (SERBİYA) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)
Hakimlər: Tiran Şayno (İsrail), Nurper Özbar (Türkiyə)
Bakı İdman Sarayı

Qeyd edək ki, II təsnifat mərhələsindən turnirə başlayan “Lokomotiv” əvvəlcə “Vaşaş”ı (Macarıstan), ardından “ZOK Split”i (Xorvatiya) mübarizədən kənarlaşdırıb.