“Azərreyl” Sürixdəki uğurunu təkrarlamaq arzusunda
07.02.2012 - 15:37
“Azərreyl” Sürixdəki uğurunu təkrarlamaq arzusunda
“Azərreyl” voleybol klubu sabah Çempionlar Liqasının 1/8 final mərhələsində ikinci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Sürixdə 3:1 hesabı ilə məğlub etdikləri “Volero”nu qəbul edəcəklər.

Oyunun aşkar favoriti “dəmiryolçular”dır. Lakin bu amil “Azərreyl”i arxayın salmalı deyil. Çünki isveçrəlilər Çempionlar Liqasının daimi iştirakçılarındandır və lazımı anda sensasiya etməyə qadirdirlər.

Düzdür, onlar hazırda əvvəlki kimi möhtəşəm kollektivə malik deyillər. Lakin hər halda komada qarşısına “Dördlər finalı”na yüksəlmək məqsədi qoyduğundan Bakıda sona kimi döyüşəcəyi inandırıcıdır.

“Azərreyl”ə isə cavab görüşündə qələbə hava-su kimi lazımdır. Çünki onlar məğlub olacaqları halda, cütün qalibini “Qızıl set” müəyyənləşdirəcək ki, “dəmiryolçular” da belə məqamda çox vaxt özlərini toparlaya bilmirlər. Bunun üçün Faiq Qarayevin yetirmələri maksimum dərəcədə diqqətli olmalı və az səhvlərə yol verməlidirlər. Çünki əks halda “Dördlər finalı”na ev sahibliyi edəcək klub sonda burada təmsil olunmaya bilər.

Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu


8 fevral
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “VOLERO” (İSVEÇRƏ)
Hakimlər: Andrey Zenoviç (Rusiya), Borislav Pobornikova (Bolqarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)