“Rabitə” qisas, “Atom” özünü sübut arzusunda
08.02.2012 - 15:12
“Rabitə” qisas, “Atom” özünü sübut arzusunda
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu mərhələnin sonuncu oyun günündə Bakının “Rabitə” klubu “Atom” (Polşa) komandasını qəbul edəcək.

Oyunun gərgin keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq olar. Çünki Sopotda baş tutan ilk matçda gözlənilmədən məğlub olan dünya çempionları doğma divarlar arasında bunun qisasını almağa çalışacaq. Lakin rəqib də ciddi itkilərə baxmayaraq, özünü sübut üçün meydana çıxacaq. Onlar ikinci matçda da qalib gələrək, Polşadakı nəticənin təsadüfü olmadığını ortaya qoymaq arzusundadırlar.

Amma “Atom”la müqayisədə Bakı təmsilçisinin mərhələ adlamaq şansı daha yüksəkdir. Çünki paytaxtda məğlubedilməz olan “Rabitə”nin polşalılar qarşısında büdrəyəcəyi inandırıcı deyil. Qarşısına Çempionlar Liqasının qalibi olmaq məqsədi qoyulan komanda cavab görüşündə layiqli qələbə qazanacağı gözləniləndir.

Təbii ki, hesab bərabərləşdikdən sonra cütün taleyi “Qızıl set”də həll olunacaq. Bu “lotereya”da isə şanslar bərabər olsa da, azarkeş amili məhz “Rabitə”nin xeyrinədir.


Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

9 fevral

17:00. “RABİTƏ” (AZƏRBAYCAN) – “ATOM” (POLŞA)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Yuri Bakunoviç (Belarus)
“Sərhədçi” Olimpiya Mərkəzi

İlk oyun
“ATOM” (POLŞA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)