“Atom”un direktoru: “Rabitə” ilə oyunun taleyini “Qızıl set”ə saxlamaq istəmirik
09.02.2012 - 10:43
“Atom”un direktoru: “Rabitə” ilə oyunun taleyini “Qızıl set”ə saxlamaq istəmirik
“Çempionlar Liqasının vitse-çempionu və dünya çempionu olan “Rabitə” bizdən xeyli çətin vəziyyətdədir. Bakı klubu ilk olaraq, cavab oyununda qalib gəlib, daha sonra keçiriləcək “Qızıl set”i qazanmalıdır. Bu isə “lotereya” kimi bir şeydir”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeqa deyib.

O, Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün “Rabitə” ilə baş tutacaq cavab oyunu barədə fikirlərini bildirib. Zyeqanın sözlərinə görə, ilk matçda 3:1 hesabı ilə qalib gələn “Atom”un mərhələ adlamaq üçün yaxşı şansı yaranıb: “Mən bir az təəccüblənirəm ki, insanlar məndən şanslarımız və “Qızıl set”in keçiriləcəyi ilə bağlı soruşurlar. Yalnız buna çox diqqət yetirmək lazım deyil. Biz rəqibimizi ikinci matçda da məğlub edib, cütün taleyini “Qızıl set”ə saxlamaq istəmirik. Ancaq bu mübarizəsiz olmayaq. Mən hələ ilk oyundan sonra öncə demişdim ki, biz “Rabitə”yə qalib gəlmək gücündəyik. Komandamız döyüşkən vəziyyətdədir və indi dünya çempionlarına ikinci dəfə qalib gələ bilərik”.

“Atom” rəsmisi hesab edir ki, Sopot təmsilçisi çox mobil komandadır və hazırda yaxşı formadadır: “Düzdür, müəyyən problemlərimiz var. Ancaq son nəticələrimizə imza atan voleybolçularımız sübut edir ki, hər şeyə yalnız pul prizmasından baxmaq düzgün deyil. Bundan əlavə, biz cavab oyununa taktiki cəhətdən yaxşı hazırlaşmışıq. Görünür ki, “Rabitə”nin bəzi oyunçuları, məsələn, Nataşa Osmokroviç yaxşı formada deyil”.

“Atom” Bakıya gəlmək üçün fevarlın 7-də səhər saatlarında səfərə çıxıb. İlk olaraq, Varşavaya gələn rəqibimiz oradan Moskvaya yollanıb. Rusiya paytaxtında Bakıya uçuşu xeyli gözləməli olan polşalılar gecə saatlarında ölkəmizə çatıblar. Zyeqa “Rabitə” ilə oyun öncəsi yol yorğunluğunu da xüsusi qabardıb: “Biz də rəqib kimi matça 2 gün qalmış gəldik. Yorucu səyahətdən sonra yalnız istirahətə yox, yerli şəraitə adaptasiya olunmaq üçün də əlavə vaxt ayırmışıq. Bakıda temperatur -15 dərəcəyə çatır. Saat fərqi isə 3-dür”.

Qeyd edək ki, “Rabitə” – “Atom” oyunu saat 17:00-da start götürəcək.