Yığmamızın məşqçisi: Biz 17 xal fərqi ilə uduzmalı deyildik
22.08.2012 - 09:22
Yığmamızın məşqçisi: Biz 17 xal fərqi ilə uduzmalı deyildik
“Bu oyunda qələbə qazanmaq üçün çox çalışdıq. İlk 5 dəqiqədə komandamız tapşırıqları lazımınca yerinə yetirdi. Növbəti 5 dəqiqədə isə artıq İsveç güclü tərəf idi”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Elşən Yusubov deyib.

Gənc çalışdırıcı Avro-2013-ün seçmə mərhələsində İsveçə 79:96 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Təəssüf ki, onlar üstün oynadıqları müddətdə daha uğurlu çıxış etdilər. Bizim müdafiə zonamız müəyyən müddət effektli olsa da, sonradan rəqib üçün o qədər də keçilməz sayılmadı. Məncə, isveçlilərin basketbolçusu Kenni Qrant onlar üçün inanılmaz dərəcədə vacib simadır. Meydana ehtiyatdan daxil olub, 14 xal yığdı və eyni sayda da ötürmə etdi. Bu çox yaxşı nəticədir. Biz də çox yaxşı mübarizə apardıq və 17 xal fərqi ilə uduzmalı deyildik. Buna səbəb matçın sonu oldu ki, rəqib durmadan fərqi artırdı”.