“Azərbaycan çempionatı İtaliya A seriyası ilə müqayisə oluna bilər” - MÜSAHİBƏ
22.08.2012 - 14:20
“Azərbaycan çempionatı İtaliya A seriyası ilə müqayisə oluna bilər” - MÜSAHİBƏ
“Rabitə”nin yeni transferi Aurea Kruz komandasının hazırlığına qoşulmaq üçün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Puerto-Riko millisinin 30 yaşlı voleybolçusu Azərbaycana yollanmazdan öncə ölkəsinin mətbuatına müsahibə verib.

İtaliya A seriyasının bombardiri və ən yaxşı topqəbuledicisi nominasiyasında birinci olan Kruz istirahətindən və Super Liqamızdan danışıb. O, həmçinin çempionatımızı 3 il çıxış etdiyi Apennin birinciliyi ilə müqayisə də edib.

- Azərbaycana yollanırsız. İstirahətiniz necə keçdi?
- Heç vaxt düşünməzdim ki, məzuniyyətim belə tez başa çatacaq. Lakin vaxt tez keçdi və artıq hazırlıqlara başlamaq zamanıdır.

- İstirahətdən sonrakı fiziki durumunuzla bağlı nə deyə bilərsiz?
- Fasilə dövrü olmasına baxmayaraq, fiziki formam yaxşı səviyyədədir. Öz imkanlarımı, potensialımı yaxşı bilirəm. Əminəm ki, yeni klubum “Rabitə”də heç bir çətinliyim olmayacaq. Ən vacib olanlar psixoloji, emosional məqamlarla bağlıdır. Yeni komandada, yeni oyunçularla yeni tapşırıqların öhdəsindən gəlməyə çalışacağam.

- Sizcə Azərbaycanda dillə bağlı çətinlik yaşamayacaqsız?
- Gedəcəyim ölkənin dilini bilməsəm də, buna görə o qədər narahat olmuram. Orada kifayət qədər mənə tanış olan simalar var. Elə italiyalı baş məşqçi Marçello Abbondanza ilə də “Villa Kortese”də birgə uzun müddət çalışmışıq.

- Onda həmin mütəxəssisin rəhbərliyi altında oynamaq və əsas heyətdə yer almaq problem olmayacaq...
- Abbondanza kimi məşqçinin orada olması əlavə üstünlükdür. Bu ən azı mənim üçün müsbət haldır. Çünki o məni tanıyır. Yenidən onun inamını qazanmaq o qədər də çətin olmayacaq. Amma ilk növbədə meydançada digər voleybolçularla lazımı anlaşma yaratmalıyam.

- Amma son 3 ildə oynadığınız İtaliya A Seriyası ilə müqayisədə Azərbaycan Super Liqasında komandaların sayı azlıq təşkil edir. Buna münasibətiniz necədir?
- Koreyada oynadığım vaxtdan az komandanın iştirak etdiyi çempionatda mübarizə aparmağın nə olduğunu bilirəm. Azərbaycan və Puerto-Riko kimi ölkələrin çempionatlarında az komandalar mübarizə aparır.

- Super Liqanın səviyyəsini necə dəyərləndirərdiz?
- Koreyada özümü daha yalqız hiss edirdim. Oranın həyat tərzi darıxdırıcı idi. Bu səbəbdən oradan getməyə qərar verdim. Azərbaycan Super Liqasının Asiyadakı ilə müqayisədə daha çətin olduğunu düşünürəm. Çünki həmin çempionat İtaliya A seriyası ilə müqayisə olunacaq səviyyədədir. Bu yüksəliş davam etməkdədir, ildən-ilə Azərbaycana gedən ulduz voleybolçuların sayı da artmaqdadır.

- Bəs çempionatın reqlamenti barədə məlumatınız varmı?
- Bildiyimə görə Azərbaycan çempionatının ilkin mərhələsində 6 klub mübarizə aparır və sonra pley-off mərhələsində mükafatçıların adına aydınlıq gəlir. Orada da Türkiyədə olduğu kimi çempionat çox yüksəlib. Buna da güclü legionerin dəvət olunması təkan verir. Eşitmişəm ki, Azərbaycanda əcnəbilər üçün limit də tətbiq olunmur.