Azərbaycan çempionu yeni kapitanını seçdi
30.08.2012 - 11:46
Azərbaycan çempionu yeni kapitanını seçdi
“Rabitə”nin yeni kapitanı məlum olub. Apasport.az saytının məlumatına görə, Natalya Məmmədovanın Rusiyanın “Omiçka” klubuna transferindən sonra boş qalan bu məsuliyyətli vəzifə serbiyalı Mira Qoluboviçə həvalə olunub.

O, klubunun rəhbərliyi, məşqçilər korpusu və voleybolçuların rəyinə əsasən bu sarğını daşımaq hüququna yiyələnib. Çünki 2010-cu ildə “Rabitə”yə pley-off matçlarında 5 oyunluq kömək məqsədilə dəvət edilən 35 yaşlı təcrübəli voleybolçu komandanın 5 çempionluğundan 3-də Bakı təmsilçisinin əsas üzvlərindən olub. Həmçinin dünya çempionatının qızıl, Çempionlar Liqasının gümüş medallarını qazanmasında əvəzsiz rolu olan blokçu komandanı arxasınca apara biləcək layiqli və bacarıqlı oyunçudur.

Qeyd edək ki, Qoluboviç Super Liqanın son mövsümünün yekunlarında 8 nominasiyadan 2-də - “Ən yaxşı blokçu” və “Ən yaxşı hücumçu” (faizlə) adına layiq görülmüşdü.