“Yaxınlarda bizi ilk böyük sınaq gözləyir” - MÜSAHİBƏ
15.09.2012 - 13:07
“Yaxınlarda bizi ilk böyük sınaq gözləyir” -   MÜSAHİBƏ
“Rabitə”nin yeni liberosu Suzana Sebiç Serbiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı voleybolçu hazırlıq planından və komandasının güclənməsindən danışıb.

- Müəyyən müddətdir Bakıdasız. Azərbaycanda adaptasiya necə keçir?
- Artıq uyğunlaşma dövrü arxada qalıb. Proqram üzrə uğurlu hazırlıq keçirik. Lakin tam komanda ilə məşq edə bilmirik. Hazırda baş məşqçimiz Marçello Abbondanzanı gözləyirik. O, Dobriana Rabadjiyeva ilə birgə Bolqarıstan yığmasının Avropa çempionatına vəsiqə qazanması üçün çalışır.

- Hazırlıqda iştirak etməyən yalnız onlardır?
- Daha bir voleybolçumuz Ukrayna millisinin heyətindədir. Onunla hələ tanış olmamışam (İrina Jukovanı nəzərdə tutur - red). Bundan başqa, biz almaniyalı Angelina Qrün və amerikalı Foluke Akinradevonun da gəlişini gözləyirik.

- Komandanızın ustalıq səviyyəsinin artacağına demək olar ki, heç kim şübhə etmir...
- Belə demək olar. Yaxınlarda bizi ilk böyük sınaq gözləyir. Bu Dohadakı klublararası dünya çempionatı olacaq. Biz komandanın ötən il qazandığı titulu qorumağa çalışacağıq. Nədənsə məndə belə bir hiss yaranıb ki, bu mövsüm oyunlarımız daha gərgin mübarizə şəraitində keçəcək. Mən və həmyerlilərim kapitan Mira Qoluboviç, Nataşa Krsmanoviç və Sanya Staroviç Serbiya voleybolunun nüfuzunu qorumağa çalışacağıq.

- Həmyerlilərinizin komandada oynaması sizin “Rabitə”yə uyğunlaşmağınıza nə dərəcədə təsir etdi?
- Onların yanımda olması məni çox sevindirir. Çünki mən onlardan hərtərəfli dəstək alıram.

- “Rabitə”nin son transferi dünya voleybolunun nəhəng ulduzlarından olan Angelina Qrün oldu. Onun keçidini necə qarşıladız?
- Bu həqiqətən də böyük bir işdir ki, klubumuz belə bir oyunçunu transfer etdi. Angelina kimi dahi voleybolçular bizim komanda üçün xüsusi önəm daşıyır. Etiraf edim ki, belə bir oyunçu ilə yanaşı oynayacağım üçün özümü xoşbəxt sayıram.