“Azərbaycan çempionu ilə oyuna böyük enerji ilə hazırlaşmışıq”
12.10.2012 - 13:09
“Azərbaycan çempionu ilə oyuna böyük enerji ilə hazırlaşmışıq”
“Komandamız ilk dəfə dünya çempionatına tam heyətlə qatılacaq”. Apasport.az saytının məlumatına görə, bunu Braziliyanın “Sollis Nestle” klubunun voleybolçusu Adenizia deyib.

London Olimpiadasının qalibi olan Adenizia sabah Qətərin paytaxtı Dohada start götürəcək klublararası dünya çempionatı öncəsi komandasının durumu haqda danışıb. Azərbaycanın “Rabitə” və Çinin “Bohay Bank” klubları ilə birgə A qrupunda yer alan Cənubi Amerika çempionunun 25 yaşlı blokçusu bildirib ki, son 3 ildə ilk dəfə yarışa tam heyətlə qatılacaqlar: “Bu turnirdə üçüncü dəfə oynasaq da, əvvəlki yarışlara müəyyən itkilərlə yollanmışdıq. Zədələr komandamızın çempionata 100 faizlik heyətlə qatılmasına imkan vermirdi. Amma indi bu uğursuzluğumuza son qoyuldu”.

Artıq komandası ilə birgə Dohada olan Adenizia iddialı danışıb: “Əminəm ki, qızlarımızdan hər biri uğurumuzda pay sahibi olacaq. Çünki biz mundiala, bütün rəqiblərimizlə oyunlara böyük enerji ilə hazırlaşmışıq və bu enerjini Dohadakı qarşılaşmalara görə paylaşdıracağıq”.

Qeyd edək ki, “Rabitə” ilk oyununu oktyabrın 15-də məhz “Sollis Nestle”yə qarşı keçirəcək.