"Rabitə"nin rəqiblərindən braziliyalılar güclü oldu
15.10.2012 - 08:10
"Rabitə"nin rəqiblərindən braziliyalılar güclü oldu
Qətərdə keçirilən qadın voleybolçular arasında klublararası dünya çempionatının I turunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Rabitə"nin yer aldığı A qrupunda "Sollis Nestle" (Braziliya) "Bohay Bank"ı (Çin) sınağa çəkib.

Matç gözlənildiyi kimi, son Olimpiya çempionlarının asan qələbəsi ilə yekunlaşıb. Hücumda, blokda və müdafiədə əla oyun nümayiş etdirən cənubi amerikalılar Çin təmsilçisinə bir set belə güzəştə getməyiblər - 3:0 (25:13, 25:14, 25:20). "Sollis Nestle" qrup mərhələsində növbəti oyununu bu gün "Rabitə"yə qarşı keçirəcək.

B qrupunda isə “Kenya Prisons” (Keniya) - “Lançeras de Katano” (Puerto-Rika) görüşü baş tutub. Oyun keniyalıların 1:3 (19:25, 25:23, 19:25, 23:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, yarımfinala qrupda ilk 2 yerin sahibi yüksələcək. Sonuncu - 3-cü olacaq klub isə yarışla vaxtından əvvəl vidalaşacaq.