Sanya Staroviç: Bundan da yaxşı olacaq
16.10.2012 - 23:36
Sanya Staroviç: Bundan da yaxşı olacaq
"Oyun gərgin keçdi. Çünki rəqibimiz Asiya təmsilçisi idi və yaxşı müdafiə olunurdu". Bunu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına açıqlamasında "Rabitə"nin serbiyalı voleybolçusu Sanya Staroviç deyib.

O, Qətərdə keçirilən klublararası dünya çempionatında qalib gəldikləri "Bohay Bank"la matçı şərh edib. Staroviç bildirib ki, qrup mərhələsinin son oyununda lazımı qələbəni qazandıqları üçün sevinirlər: "İlk 2 seti qazandıqdan sonra 3-cü hissədə məğlub olduq. Lakin növbəti setdə daha yaxşı oynayıb, qələbə qazandıq. Bu bizə çox vacib idi. Məsuliyyətimizi yaxşı dərk edirdik. Artıq yarımfinaldayıq".

Ötən il "Rabitə" ilə dünya çempionu olan legionerimiz son 2 hissədə zəif oyunlarının səbəbini də açıqlayıb: "Komandamız demək olar ki, yenidən qurulub, yeni oyunçularımız çoxdur. Bunun üçün uyğunlaşma oyundan-oyuna yerinə düşür. Bu, normal haldır. Növbəti matçda isə bundan da yaxşı olacaq".