Çempionlar Liqasında erkən vidanın astanasında
22.01.2013 - 15:11
Çempionlar Liqasında erkən vidanın astanasında
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan klublarından “Lokomotiv”lə “Azərreyl” bir-birini sınağa çəkəcək.

Birinci görüşdə Alessandro Çiappininin yetirmələri qalib gəldiklərindən matçın gərgin keçəcəyi gözlənilir. Çünki debüt ilindəcə mərhələ adlayan “Lokomotiv” buraya kimi asan gəlmədiyini sübut etməyə çalışacaq. Onların baş məşqçisi Cuzeppe Kuçarini də ən azı oyunu “Qızıl set”ə kimi daşıyacaqlarına inandığını deyib.

Amma bu onlara heç də asan başa gəlməyəcək. Çünki mövsümün qızğın vaxtında əsas toppaylayıcıları olan kapitan Diana Nenova ilə yollarını ayıran komandanın çətinliklə üzləşəcəyi sözsüzdür. Bundan əlavə, “Azərreyl” də matçın “Qızıl set”ə qədər uzanmasının tərəfdarı deyil. Onlar mərhələ adlamağı əsas vaxtda həll etmək arzusundadırlar. Hər halda, bu qarşılaşmadan sonra klublarımızdan biri Çempionlar Liqasına erkən vida edəcək.

Bakı derbisindən 1 gün sonra isə “Rabitə” azarkeşləri qarşısına çıxacaq. Azərbaycan çempionu “Sərhədçi” Olimpiya Mərkəzində Fransanın “Kann” klubunu qəbul edəcək. Oyunun aşkar favoriti hazırda əla forma yığan Marçello Abbondanzanın komandasıdır. İlk matçda 3:1 hesabı ilə qalib gələn Bakı təmsilçisinin doğma divarlar arasında rəqibə güzəştə gedəcəyi inandırıcı görünmür.

Lakin bu o demək deyil ki, səfərdə qələbə qazanan “Rabitə” meydana arxayın çıxmalıdırlar. Onlar Fransa çempionlarını düzgün qiymətləndirməsələr, rəqib ən azı “Qızıl set”ə ümid edə bilər.

Çempionlar Liqası
I pley-off mərhələsi, cavab oyunları


23 yanvar
18:00. “Lokomotiv” (Azərbaycan) - “Azərreyl” (Azərbaycan)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Ritvars Alksnis (Latviya)
Bakı, Voleybol Mərkəzi

24 yanvar
17:00. “Rabitə” (Azərbaycan) -“Kann” (Fransa)
Hakimlər: Mehmet Ersin Altıparmaq (Türkiyə), Viktor Kozlovski (Ukrayna)
Bakı, "Sərhədçi" Olimpiya Mərkəzi

İlk oyunlar
“Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:20, 25:21, 25:22)

“Kann” (Fransa) - “Rabitə” (Azərbaycan) - 1:3 (17:25, 25:15, 19:25, 19:25)