Bakı klubundan 8-ci transfer
22.05.2013 - 09:05
Bakı klubundan 8-ci transfer
Bakının “Lokomotiv” voleybol komandası növbəti transferi reallaşdırıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi və 7 oyunçu ilə müqavilə bağlayan “dəmiryolçular” daha bir voleybolçu ilə güclənib.

Belə ki, argentinalı Kladio Kuellonu baş məşqçi postuna gətirən “Lokomotiv”in növbəti transferi də ABŞ-dan olub. Bakı təmsilçisi Lauren Gibbemeyerin ardından Uitni Dosti ilə danışıqları müsbət yekunlaşdırıb və 1 illik rəsmi müqavilə bağlayıb. 190 sm boya malik voleybolçu Cənubi Koreyanın “Huenqkuk” klubundan gəlib. Ölkəsinin yığmasında da çıxış edən 25 yaşlı Dosti həmçinin İsveçrə və Puerto-Rikada da legioner həyatı yaşayıb.

Qeyd edək ki, “dəmiryolçular” amerikalılar Lauren və Uitnidən öncə Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi və Serbiya yığmasının liberosu Suzana Sebiçi transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.