Alla Həsənova: “Azərreyl”in qələbəsi qalibiyyətlərimizin bünövrəsi oldu”
10.03.2022 - 13:37
Alla Həsənova: “Azərreyl”in qələbəsi qalibiyyətlərimizin bünövrəsi oldu”

“Düzünü deyim ki, siz bu kubokun qazanılmasından 20 il keçdiyini xatırlatmasaydız, qalib olduğumuz konkret tarix yadımda deyildi”.

Bunu apasport.az saytına Azərbaycan millisinin və “Azərreyl”in sabiq voleybolçusu Alla Həsənova deyib.

Bu gün Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasında əvəzsiz xidmətləri olan voleybolumuzun ilk böyük uğuru – qadınlardan ibarət “Azərreyl” klubunun Avropa “Top-komandalar” kubokunu qazanmasının 20 ili tamam olur. 2002-ci ildə əldə olunan bu uğurda əsas pay sahiblərindən olan Həsənova kapitanı olduğu komandanın zəfərinin unudulmaz adlandırıb: “Amma qələbələr unudulmur. Bu, birmənalıdır. Amma qələbənin 20 illiyinin məhz bu gün olmasını, düzünü desəm xatırlamazdım. Bunu unutmadığınız və xatırlatdığımız üçün təşəkkür edirəm”.

Həsənova Bakıda qazanılan həmin kuboku növbəti uğurların təməli hesab edir: “Düşünürəm ki, bu kubokdakı qələbə bizim bu komanda və yığma ilə sonrakı qalibiyyətlərimizin bünövrəsi oldu. Bu kubokdan sonra Qran-Prinin qalibi adını qazandıq, dünya çempionatına yüksəldik, Avropa çempionatında 4-cü olduq. Bu üzdən də bu kubokun növbəti qələbələrin qazanılması üçün möhkəm təməl olduğunu demək olar”.

Sabiq voleybolçu qələbədə arenadakı atmosferin rolunun az olmadığını da bildirib: “20 il əvvəlki vəziyyəti xatırlasaq, bu artıq keçmişdə qalıb. Amma Əl Oyunları Sarayındakı ab-hava möhtəşəm idi. Arenanın tribunlarının üç mərtəbəsi də tamaşaçılarla dolmuşdu. Necə deyərlər iynə atsan yerə düşməzdi. Bu çox şeyə dəyərdi. Azarkeşlərin belə dəstəyi ilə başqa cür ola da bilməzdi. Biz də onların ümidlərini doğrultduq. Biz qalib gəldik”.

O, finalda məğlub etdikləri Yuqoslaviyanın “Yedinstvo” klubunun heyətində gələcəyin ulduzlarının olduğunu da xatırlayıb: “Digər təəssüratlarıma gəlincə, biz Yuqoslaviya komandası ilə görüşürdük. Sonradan bu klubun üzvləri yığmanın özəyini təşkil etdi. Ardınca isə Serbiya millisi oldu. Əksər oyunçular Serbiya yığmasında oynayırdı, bəziləri isə “Rabitə”də də çıxış etdi. 2002-ci ildə bizimlə oynayanda onlar hələ gənc idilər. Sonradan onlar öz yığmalarının aparıcı oyunçularına çevrildilər”.

Həsənova Azərbaycan prezidenti, həmin vaxt Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyevlə vitse-prezident Mehriban Əliyevanın zalda olmasını, ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmələrini də xatırlayıb: “Zaldakı ab-hava, indiki prezidentimiz, hörmətli, sevimli İlham Əliyevin, vitse-prezident Mehriban xanım Əliyeva bizim qələbəyə sevinir, bizi təbrik edirdi. Bu da çox şeyə dəyər. Bu qələbənin ən unudulmaz məqamı Azərbaycan prezidenti Heydər Əliyevin təbriki idi. Onunla görüşü düşünürəm ki, bütün qızlar sanki dünən olub kimi xatırlayır. Səmimi, mehriban qəbul oldu. Ümummilli liderlə görüş həmişəlik yaddaşımızda qalacaq. Üstündən çox vaxt keçib. 20 il az müddət deyil. Amma sanki hər şey dünən olub. Xatırlatdığınız üçün təşəkkür edirəm”.


 

0