Avropa Həndbol Konfederasiyası (EHF) ölkələrin yeni klub reytinqini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, cədvəl 2017/18, 2018/19 və 2019/20 mövsümlərinin nəticələrinə əsasən tərtib olunub.
Bu cədvəl avrokubokların 2021/22 mövsümündəki klub bölgüsünə xidmət edir. Azərbaycan ümumilikdə 7 komanda ilə təmsil olunmaq hüququ qazanıb.
Kişilərin reytinq siyahısında Azərbaycan 0,67 xala malikdir. Bir pillə geriləyərək, Farer adalarından geri düşən ölkəmiz Estoniya ilə 42-43-cü yerləri bölüşür.
Bu göstərici Azərbaycana yalnız EHF kubokunda təmsil olunmağa, bu yarışa üç komanda sifariş etməyə hüquq var. 2020/21 mövsümündə də eyni hüquqa malik olsaq da, təmsilçilərimiz qitə kuboklarına qatılmayıb.
Qadınların siyahısında isə 2,75 xala malik Azərbaycan 25-ci pilləyə yuvarlanıb. Bir pillə geriləyən ölkəmiz Yunanıstanı önə buraxıb.
Bu, Azərbaycana qarşıdakı mövsümdəki kimi 4 komanda ilə təmsil olunmaq hüququ verir ki, bunlardan biri Avropa Liqası, üçü EHF kubokunda çıxış edə bilər. Lakin Azərbaycan Həndbol Federasiyası növbəti mövsüm üçün yalnız bir komandanı – “Azəryol”u EHF kubokuna sifariş edib.
Qeyd edək ki, reytinq siyahılarında kişilərdə Almaniya (133,67), qadınlarda Macarıstan (158,33) 1-ci pillədədir.