Avropa çempionatında əsas oyunçularına istirahət verəcək – rəqibimiz
17.08.2021 - 13:38
Avropa çempionatında əsas oyunçularına istirahət verəcək – rəqibimiz

“Olimpiadada əsas heyətin üzvləri olan Natalya Qonçarova, İrina Fetisova, Anna Podkopayeva, İrina Voronkova, İrina Korolyova Avropa çempionatında oynamayacaq. Onlara istirahət vermişik”.

Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Serjio Buzato deyib.

İtaliyalı mütəxəssis AVRO-2021-in qarşıdakı final mərhələsi barədə fikirlərini açıqlayıb: “Başa düşürük ki, bu mövsüm oyunçular üçün çox çətindir. Zədələr və fiziki durum üzündən heyətlə bağlı problem yaşayan digər milli komandalar da eyni vəziyyətdədir. Demək istəmirəm ki, oyunçularımızın sağlamlığı ilə bağlı problemi yaranıb. Onlar Olimpiadadan sonra yorulub. Bu vəziyyət Natalya Qonçarovadan başqa hansı oyunçuların olmasına, müxtəlif mövqelərdəki perspektivimizə baxmaq üçün şans verir. Gələn il çox vacib turnir – dünya çempionatı olacaq. Biz Qoncarova, Fetisovanın imkanlarını yaxşı bilirik. Başqa kimin olduğunu, lazım gələrsə onları kimin əvəzləyəcəyini bilmirik. Avropa çempionatı əvvəl ilk rollarda olmayan və ya nəzərimizdə saxladığımız voleybolçular üçün böyük şansdır. Mən nikbinəm. Görək Anna Lazarova, Polina Matveyeva, Kseniya Smirnova, Yuliya Brovkina özünü necə göstərəcək”.

Buzato komandasının liderləri barədə də danışıb: “Yevgeniya Startseva bizim komandanın real kapitanıdır. Ona minnətdaram ki, Avropa çempionatına getməyə qərar verdi. O, yaxşı insan, yaxşı oyunçudur. Arina Fedorivtsevaya gəlincə isə belə deyərdim: onun real ulduz, yoxsa qığılcım olmasına baxmaq istəyirəm. Yığmanın ümumilikdə oyununda isə aqressivlik görmək arzusundayam. Güclü oyuna daxiletmə, yaxşı müdafiə görmək istəyirəm. Başa düşmək istəyirəm ki, bunu yığmanın veteranlarından başqa kim bacarır”.

Mütəxəssis komandasının hədəflərindən də danışıb: “Çalışacağıq, görək necə olur. Çox çətin qrupumuz var. Bir aşkar favorit Serbiyadır. Belçika, Fransa, Azərbaycan kimi müasir voleybol oynayan güclü komandalar var. Oyundan-oyuna hərəkət edəcəyik. Həmişə qızlara deyirəm ki, hər top önəmlidir və onu düşünmək lazımdır. Əlbəttə, titul qazanmaq, Avropa çempionatının qalibi olmaq istəyirik. Amma hər top üçün tam konsentrasiya olmalıyıq. Belə oynasaq, qələbələr də olacaq. Olimpiada bunun təsdiqidir”.

Qeyd edək ki, Avropa çempionatı avqustun 18-də start götürəcək.
 

0