Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Bu gün qadın voleybolçular arasında AVRO-2021-in final mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, 1949-cu ildən keçirilən bu nüfuzlu turnir ardıcıl ikinci dəfə 24 komandanın iştirakı ilə təşkil olunacaq.
2019-cu ildə olduğu kimi qitənin təxminən yarısının qatıldığı yarış yenə 4 ölkənin meydanlarında baş tutacaq. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edəcək.
Yeri gəlmişkən, 4-cü dəfə qitə çempionatının qarşılaşmalarını qəbul edən Bolqarıstan bu göstəricidə rekorda şərik olacaq. İndiyədək yalnız İtaliya bunu bacarıb.
Qitə çempionatının 24 iştirakçısı arasında Azərbaycan yığması da var. Əslində, burada təəccüblü və qeyri-adi heç nə yoxdur. Çünki voleybolçu xanımlarımız Avropanın ən güclüləri sırasında yer almağa adət edib və təbii ki, azarkeşlərini də buna öyrəşdirib.
İlk dəfə 2005-ci ildə qitə çempionatının final mərhələsində qüvvəsini sınayan millimizin yarışdan kənar qalmasını belə təsəvvür etmək belə çətindir. Özü də nəzərə almaq lazımdır ki, yığmamız əksər hallarda seçmə mərhələ deyil, ötən turnirin nəticələrinə əsasən final mərhələsində oynamaq hüququ qazanır.
16 il əvvəl qitənin ən yaxşıları sırasında debüt komandamız tarixi uğura imza atmışdı. Həmin vaxt Faiq Qarayevin rəhbərlik etdiyi ulduzlarımız yarımfinala yüksəlmişdi. Komandamızın heyəti ölkə idman ictimaiyyətini o qədər ümidləndirmişdi ki, hətta 4-cü yeri belə uğursuzluq kimi qələmə verənlər az deyildi.
Həmin çempionatdan etibarən turnirin daimi iştirakçısına çevrilən yığmamız ümumilikdə 8 dəfə mükafatlar uğrunda mübarizə aparıb. Daha bir dəfə - Azərbaycan və Gürcüstanın ev sahibliyi etdiyi turnirdə də yarımfinal həyəcanı yaşayan qızlarımız yenə 4-cü yerlə kifayətlənməli oldu.
Millimiz Avropa çempionatlarında
il |
O |
Q |
M |
S/F |
|
|
2005 |
7 |
4 |
3 |
12-11 |
1/2 final |
IV |
2007 |
8 |
1 |
7 |
4-21 |
İkinci mərhələ |
XII |
2009 |
8 |
1 |
7 |
8-23 |
Pley-off |
XII |
2011 |
4 |
1 |
3 |
6-10 |
Pley-off |
IX |
2013 |
3 |
0 |
3 |
1-9 |
İlkin mərhələ |
XV |
2015 |
3 |
0 |
3 |
1-9 |
İlkin mərhələ |
XIV |
2017 |
6 |
4 |
2 |
15-7 |
1/2 final |
IV |
2019 |
6 |
4 |
2 |
12-10 |
1/8 final |
X |
Cəmi |
45 |
15 |
30 |
59-100 |
|
|
12 illik intervalla qazanılan dördüncü yerlərin Azərbaycan voleybolunda rolu da çəkisi də fərqlidir. 2005-ci ildəki uğur ölkəmizdə bu idman növünün inkişafına böyük təkan verdi.
Voleybol bölmələrinə axışan gənc və yeniyetmələrin axını müşahidə olundu. Marağın artması həm kütləviliyə səbəb oldu, həm də klubların yaranmasına zəmin verdi. Əgər uzun illər ölkə voleybolu bir klubun – “Azərreyl”in çiyinləri üzərində idisə, həmin uğurdan sonra yeni komandalar yaradıldı və güclü liqa formalaşdı.
Məşhur legionerlərin əhatəsində az sayda da olsa, yerlilər də çıxış edirdi. Bu da onların gələcək inkişafında böyük əhəmiyyət daşıdı. Təsadüfi deyil ki, əvvəlki illərdə əsasən Rusiya və Ukraynadan olan voleybolçulardan təşkil olunan millimizin özəyini artıq yerli idmançılar təşkil edir.
Yığmamızın Avropa çempionatlarındakı daimi iştirakı təkcə qadın deyil, yox səviyyəsində olan kişi voleybolunu da dirçəltdi. Müntəzəm çempionat təşkil olundu, yerli oyunçulardan ibarət yığmamız final mərhələsinin bir addımlığında qaldı.
Təbii ki, qadın voleybolçular həmişə kişiləri kölgədə qoydu. Ardıcıl 9-cu dəfə Avropa çempionatına qatılmaq da bunun təzahürüdür.
Qarşıdakı turnirə Vüqar Əliyevin rəhbərliyi altında yollanan yığmamızın tərkibində yerli oyunçuların çoxluğu da həmin uğurların bəhrəsidir. Nailiyyətlərdən bəhrələnən qızlarımızın bölmələrə axını bugünkü millimizin formalaşmasında böyük rol oynayıb.
Düzdür, yenə də komandada gəlmələr az deyil. Amma azərbaycanlı qızların da əsas heyətdə olması ötən illərin uğurları ilə bağlıdır.
Millimizin heyəti
Liberolar: 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova;
Toppaylayıcılar: 2. Yana Doroşenko, 14. Kristina Besman, 18. Şəfaqət Alışanova;
Blokçular: 6. Ayşən Abduləzimova, 15. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 7. Olena Xarçenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk;
Hücumçular: 10. Marqarita Stepanenko, 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk.
Lakin artıq uğurlar da keçmişdə qalıb. Evdə keçirilən çempionatdakı dördüncülük artıq eniş dövrünün başladığı dövrə təsadüf edirdi.
İldən ilə geriləyən voleybolumuz artıq ötən əsrin 90-cı illərinə dönür. Can üstündə olan idman növündə nə çempionat keçirilir, nə normal komanda var. Avrokuboklar və ya kişi voleybolundan danışmaq isə yersiz görünür.
Voleyboldakı durumun faciəvi olmasını federasiyanın vitse-prezidenti Faiq Qarayev də gizlətməyib. Bu isə o deməkdir ki, yığmamız özü üçün sonuncu ola biləcək qitə çempionatına yollanıb.
Voleybolu xilas etmək üçün şans qazanmaq idmançılarımızın əlindədir. Sensasiyaya imza ataraq böyük uğur əldə edilsə, nələrə isə ümid yarana bilər. Lakin komandamızın gücü bu möcüzəyə də yetərli görünmür.
Millimiz daha çox sonuncu ola biləcək turnirdə sonuncu yerdə olmamaq üçün vuruşacaq. Son qitə çempionu və əsas favorit Serbiyanın ev sahibi olduğu A qrupunda yığmamızı çətin sınaqlar gözləyir.
Belçika, Fransa, Rusiyanın da bu qrupda olması Vüqar Əliyevin yetirmələrinin mərhələ adlamaq işini çətinə salır. Komandamızın qrupda qalması isə təbii ki, adi qarşılanacaq. Bu da voleybolumuz üçün son, ən yaxşı halda sonun başlanğıcı ola bilər.
Düzdür, komandamızın Bosniya və Herseqovinanı udmaq şansı var. Bu da yalnız qrupda 5-ci yer vəd edə bilər. Uzun illər Natalya Məmmədova, Polina Rəhimova kimi dünya səviyyəli ulduzlara malik millinin indi liderinin olmaması da faktdır. Yoxlama oyunlarında göstərilən nəticələr isə ümumiyyətlə nikbinlik sözünü belə unutdurur. Bu vəziyyətdə isə iddialı rəqiblər önünə çıxmaq yaxşı heç nə vəd etmir.
Millimizin oyunlarının təqvimi
20 avqust
19:00. Azərbaycan - Belçika
21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
19:00. Rusiya – Azərbaycan
24 avqust
22:00. Azərbaycan - Serbiya
25 avqust
19:00. Fransa – Azərbaycan
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur