Mahir Şükürov: "Bu biabırçılığa son vermək lazımdır" - Müsahibə
15.11.2024 - 16:50
Mahir Şükürov: "Bu biabırçılığa son vermək lazımdır" - Müsahibə

Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürov apasport.az saytına müsahibə verib.

- Sabah yığmamız Estoniya seçməsi ilə qarşılaşacaq. Növbəti məğlubiyyət D Liqasına bilet deməkdir... Gözləntiləriniz necədir?
- Bu matçdan hamının gözləntisi qələbədir. Çünki komanda ardıcıl 4 oyundur ki, məğlub olur. Sabah futbolçularımız Estoniyanı evdə qəbul edəcəklər. Bu səfər də qələbə qazana bilməsələr, biabırçılıq olacaq. Futbolçular qalib gəlməyə məcburdurlar. Artıq məğlubiyyətlər bəsdir. Biz bu nəticələrlə dünya çempionatına hazırlaşası deyilik. Heç kəs bunda bəhanə axtarmasın. Ölkədə COP29 tədbiri keçirilir, bütün dünyanın gözü hazırda Azərbaycandadır. 3 xal qazanıb, bunu xalqa hədiyyə eləsinlər. Uduzsaq, D Liqasına düşəcəyik. Orada Andorra, Farer Adaları, San-Marino kimi ölkələr var. Onlarda futbol həvəskar səviyyədədir. Hamının öz peşəsi var, axşamlar yığışıb futbol oynayırlar. Yığmadakılar elə etsinlər ki, millini ora qədər salmasınlar. FIFA reytinqində də xeyli geriləmişik.

- Millidə Fernandu Santuşun azərbaycanlı köməkçisi yoxdur. Bildirilir ki, hələ uyğun namizəd tapılmayıb...
- Bunun səbəbi odur ki, artıq heç kimə inanmırlar. Düşünürlər ki, bu, mənim yerimə “göz dikəcək”. Sabah uğursuz olsam, postuma keçməyə çalışacaq.

- Bəs aşağı yaş qruplarından ibarət millilərimizin oyunlarını izləyirsiz? Orada durum daha betərdir...
- Ötən gün həmin komandaların matçlarını izlədim. Hamısı uduzublar. Biabırçılıqdır. Buna son vermək lazımdır. Çıxış yolunu tapmaq çətindir. Veteran futbolçuları həmin komandaların üzərinə nəzarətçi kimi verməlidirlər. Tapşırmaq lazımdır ki, uşaq futboluna nəzarət eləsinlər. Baş verən prosesləri, çalışmaları qeyd edib federasiya rəhbərliyinə təhvil versinlər. Mütləqdir ki, dürüst iş getsin. Yalnız ondan sonra hansısa uğur gözləmək olar. Yoxsa eyni adamlar nə qədər ki, orada olacaq, nəticə düzəlməyəcək. 10 ilə 1 futbolçu çıxacaq, ya da çıxmayacaq. Özümüzü aldadacağıq.

- Bəlkə baş məşqçilər dəyişdirilməlidir?
- Bilirsiz necədir, aşağı yaş qruplarında “karusel” gedir. U-19-dan çıxır, U-18-ə, oradan çıxır U-17-yə, oradan da 15-ə təyin olunur. Bu, nə qədər davam edəcək? Görürsüz ki, bu məşqçilərlə alınmır, uğur yoxdur. Ən azından təzə qan lazımdır. Hər yaş qrupuna nəticələri olan veteranlardan göndərmək lazımdır ki, daim əsas milli ilə əlaqədə olsun. Köhnə nəsillə qurtarmaq lazımdır. Yeni düşüncəli insanlarla çalışmalıyıq.

- Samir Əliyev U-21-in baş məşqçisi postunu tərk edib. Həmin yığmadan nə gözləyək?
- U-21 İngiltərəyə 0:7 hesabı ilə uduzub. Artıq həmin yığmanın zamanı bitdi. O futbolçuların yalnız 2-3-ü növbəti ilə qalacaq. Digərlərinin yaşı 21-i keçir. Başqa ölkələrin bu yaş dövründəki futbolçuları artıq əsas yığmaya dəvət alırlar. Bizimkilərsə, heç öz yaş qrupunda oynaya bilmir.

- U-19-un baş məşqçisi Elxan Abdullayev məğlubiyyətdən sonra yenilgini bəxtsizliklə əlaqələndirib...
- Elxan Abdullayevə şəxsən hörmət edirəm. O, hazırda Premyer Liqa klubu idarə etməlidir, U-19-da olmalı deyil. Həmin yaş qrupunda gənc nəsildən mütəxəssislər olmalıdır. Elxan müəllim, sən artıq neçə ildir baş məşqçisən. Bu gün deyirsən ki, alınmadı. Alınmırsa, heç olmasa 2:4, 3:4 hesablarıyla uduzaq. Axı 0:4 kimi hesabın bəxtlə əlaqəsi yoxdur. Düşünmürəm ki, kimsə bu sözə inansın. Hər şey göz qabağındadır.

Qeyd edək ki, Millətlər Liqasının V turunun Azərbaycan – Estoniya matçı noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq.

İsmayıl Xeyrullayev
 

0