Misli Premyer Liqasının XII turunda "Qəbələ" "Şəfa"nı məğlub edib - 2:0.
Apasport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib.
"Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə ki, problemlər də var. Bu gün qələbəyə layiq olan tərəf biz idik. "Zirə"yə məğlubiyyətdən sonra bugünkü qələbə çox vacib idi".
- Kərim Rossi ötən mövsüm 10 qol vurub, bu mövsüm isə əsas heyətə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?
- Mən "Qəbələ"yə gələndə Rossinin zədəsi var idi. Uzun müddət məşq etmədi. Bu həftə məşqlərə başladı. Bu gün ehtiyatdan oyuna girdi. Növbəti matçlarda daha çox oynamaq imkanı olacaq.
- Qarşıda "Şamaxı" və "İmişli" ilə səfər oyunları var. Süni örtüklü meydançada oynamaq sizi narahat edir?
- Əlbəttə ki, narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətinlik yaradır. Amma edəcəyimiz bir şey yoxdur. Orada oynamağa məcburuq. Qəbələdə məşq etmək üçün süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar çıxarar. Bu ölkəni, çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların yaxşı olması vacibdir.
- "Qəbələ"də sürətli futbolçular çox olsa da, komanda çempionatda ən az qol vuran komandadır. Bunun səbəbi nədir?
- Sizinlə razıyam. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra yavaş-yavaş sistemi dəyişdik və qolların sayı çoxalmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacaq.