Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə “Respublika məktəblilərin basketbol birinciliyi” layihəsinin icrasına başlayıb.
Apasport.az saytının məlumatına görə, layihə beş mərhələdə keçirilir.
I mərhələ - bu mərhələdə “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Basketbol Federasiyasının təcrübəli mütəxəssislərinin iştirakı ilə rayon və şəhərləri təmsil edən ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri və təlimatçıları üçün basketbol oyun qaydalarının geniş xülasəsi və basketbol idman növünün tarixi, ölkəmizdə basketbolun inkişaf mərhələləri və mövcud səviyyəsi barədə geniş məlumatlar verilməklə bölgələrdə seminarlar təşkil edilib. Seminarlar fevralın 1-2-də baş tutub. Dərslərdə 54 şəhər və rayondan 559 nəfər fiziki tərbiyə müəllimi və fiziki tərbiyə üzrə metodistlər iştirak ediblər
II mərhələ - bu mərhələdə şəhər və rayonlar üzrə “Məktəb daxili birinciliklər” keçirilib. İkinci mərhələdə isə birinci mərhələdə iştirak etmiş şəhər və rayonların ümum təhsil müəssisələrinin daxili birinciliklərini nəticələri barədə “Təhsil” Respublika İdman Mərkəzinə məlumat verilib. İkinci mərhələdə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri qarşısında məktəblərdə təhsil alan fiziki və funksional göstəriciləri basketbol idman növünə uyğun olan şagirdlərin seçib “Rayon daxili birinciliklərinə” cəlb edilməsi məqsədi qoyulub.
III mərhələ - üçüncü mərhələ hazırda davam edir. Bu mərhələdə Azərbaycan Basketbol Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin təcrübəli mütəxəssislərin iştirakı ilə “Rayon daxili birinciliklər” keçirilib və yarışlar təşkil olunur. Üçüncü mərhələ fevral 23-də start götürüb və martın 19-dək davam edəcək.
Bu günədək Bakı şəhəri daxil olmaqla 53 şəhər və rayonda “Rayon daxili birinciliklər” baş tutub. Ümumilikdə 940 komanda və 8790 şagird iştirak edib, onlardan 3368 qızlar və 5422 oğlan olub. Bu mərhələdə mütəxəssislər tərəfindən 602 şagird basketbol idman növünə fiziki və funksional göstəricilərinə görə uyğun hesab edilərək seçilib qeydiyyata alınıb. Seçilmiş şagirdlərin 292-si qız, 310-u oğlandır.
Seçimlər Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Beyləqan, Ucar, Zərdab, Ağcabədi, Goranboy, Naftalan, Samux, Göyçay, Ağsu, Ağdaş, Oğuz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yexlax, Mingəçevir, Abşeron, Sumqayıt, Qobustan, Xızı, Şabran, Siyəzən, Qax, Zaqatala, Balakən, Yardımlı, Lənkəran, Lerik, Astara, Xaçmaz, Quba, Qusar, Gəncə, Göygöl, Şəmkir və Siyəzəndə, eləcə də Bakı şəhəri üzrə Suraxanı, Xətai, Qaradağ, Binəqədi, Nərimanov rayonlarında aparılıb. Digər bölgələrdə isə yarış və seçimlər martın 19-da yekunlaşdırılacaq.
IV mərhələ - zona mərhələsində III mərhələdə seçilmiş şagirdlərdən ibarət yığma komandalar respublika üzrə 6 zonada mübarizəni davam etdirəcək. Bu, aprelin 1-dən 22-dək olacaq. IV mərhələdə yarışların nəticələrinə görə zonalar üzrə 1-2-ci yerləri tutacaq komandalar növbəti V mərhələyə vəsiqə qazanacaqlar. Zona yarışlarında respublikanın 76 şəhər və rayonundan 152 komandanın 1520 şagirdin iştirakı nəzərdə tutulur.
V mərhələ - final mərhələsi zonalardan gələcək 12 oğlan və 12 qız komandasının iştirakı ilə mayın 19-26-da Bakıda keçiriləcək. Həlledici mərhələsinin yekunlarına əsasən 12 yaşa qədər oğlanlardan və qızlardan ibarət yığma komandalara namizəd basketbolçularının seçiləcək.