Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir.
Voleybol Federasiyasından apasport.az saytının məlumata görə, iyunun 28-dən iyulun 11-dək Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən yığmamız Bakıya qayıdıb.
Millimiz hazırlıqları iyulun 26-na kimi paytaxtda davam etdirəcək. Voleybolçularımız bu müddətdə ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də keçirəcək.
Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək.