Azərbaycanda 2021/22 mövsümünün qalib və medalçılarının mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir kişilər arasında “Zəfər kuboku”nun final matçından sonra təşkil olunub.
“Sərhədçi” Olimpiya İdman Mərkəzindəki görüşün qalibi “Neftçi”yə, həmçinin “Bahar kuboku”nun qalibi kubokla təltif edilib.
“Zəfər kuboku”nda məğlub olan “Murov” Yüksək Liqanın çempionu kimi qızıl medallarına qovuşub. “Neftçi”yə gümüş, MOİK-ə bürünc medallar verilib.
Qadınlar arasında Super Liqanın qalibi “Abşeron”un qızıl medalları da bu tədbirdə verilib. “Azərreyl” gümüş, “Murov” bürünc medallarına qovuşub.
Həmçinin kişilər arasında 1-ci liqanın qalibi “Təhsil”, ikinci yerin sahibi “Azərbaycan Ali Hərbi Məktəbi” və “Murov-2” mükafatlarını alıblar.
Qeyd edək ki, qalib və medalçıları mükafatlandıranlar arasında Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev də olub.