“Abşeron” voleybol klubunun baş məşqçisi Eldar Yusubovun apasport.az saytına müsahibəsi
- Super Liqanın Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qubadakı İdman-Sağlamlıq Mərkəzində keçirilən son 2 oyunda “Murov” və UNEC-dən 3 xal aldız. Belə asan qələbə qazanacağınızı gözləyirdiz?
- UNEC-lə artıq ikinci dəfə qarşılaşırdıq. Bilirdik ki, bizə ciddi problem yaratmayacaqlar. Əsasən “Murov”la oyuna yaxşı hazırlaşmışdıq. İki yeni voleybolçu transfer etdiklərindən xəbərimiz vardı. Onların da məqsədləri qalib gəlmək idi. Ola bilsin, legionerləri uyğunlaşmayıblar. Komandamız gözəl oyun nümayiş etdirdi. 3:0 hesabı ilə də qalib gələ bilərdik. Amma 3:1 hesablı qələbə də bizi qane edir.
- Onlara qarşı xüsusi hazırlaşmaq yeni transferləri tanımamağınız səbəbindən idi?
- Hansı tempdə və ya mövqedə oynadıqlarını bilmirdim. Buna baxmayaraq, maraqlı görüş alındı.
- Super Liqada yalnız siz 5 oyun keçirmisiz və bunların 4-də qələbə qazanmısız. Gürcüstanla oynamadığınızı nəzərə alsaq, II dövrəyə də başlamısız. Mövsümün arxada qalan hissəni necə dəyərləndirərdiz?
- Bəli, UNEC istisna olmaqla, digər klublarla 1 oyun keçirmişik. “Azərreyl”lə oyunu fərqləndirərdim. İlk hissədə qalib gəldikdən sonra ikinci setdə də 4 top öndəydik. Lakin həmin hissəni uduzduq və bundan sonra oyunumuz alınmadı. Ümumi götürsək, qarşılaşmalarımızı qənaətbəxş hesab etmək olar. Çünki hələ qarşıda oyunlarımız var.
- Maraqlıdır, gücünüz hansı pillədə qərarlaşmağa imkan verir? Hədəfiniz nədir?
- Hiss edirəm ki, komanda yüksəlişdədir. Voleybolçularımın demək olar ki, hamısı gəncdir. Yalnız bir mövqedə bir az zəiflik var. Bunu özüm bilirəm və aradan da qaldıracağıq. Hər oyuna son matç kimi hazırlaşırıq. Əsas hədəfimiz finalda oynamaqdır. Potensialımız da buna imkan verir. Minimum tapşırığın öhdəsindən gəlmişik. Yəni ikinci və ya üçüncü yeri tutmaq problem olmayacaq.
- Hazırda turnir cədvəlində ikinci pillədəsiz. “Azərreyl”dən bir oyun çox keçirib, 12 xal toplasaz da, set fərqində geri qalırsız. Pley-offa hansı yerlə çıxmaq mümkündür?
- Hər şey ikinci dövrədə “Azərreyl” və “Murov”la matçlardan asılı olacaq. Məqsədimiz bacardıqca çox toplamaqdır.
- Gürcüstan klubu da hələ Super Liqada oynamayıb, onları da demək olar ki, yaxşı tanımırsız. Qonşu ölkə təmsilçisinin Azərbaycan çempionatına sürpriz heyətlə qatılması işinizi çətinləşdirə bilməz?
- Deməzdim. Onların 3-4 yaxşı oyunçusu var. İkisi burdadır, ikisi də xaricdə. Güclü heyətə malik olduqlarını demək olmaz.
- Bəs çempion olmaq şansınız nə qədərdir?
- Qadın voleybolunda hər şey mümkündür. Sürprizlər həmişə olur.
- Belə çıxır ki, qızıl medalları qazansaz, bunu sensasiya kimi qəbul olunmayacaq?
- Xeyr. Sensasiya sayılmayacaq. Heyətimiz zəif deyil. Buna qızlarda inam yaradıram, qarşıda təxminən 1 ay vaxtımız da var. Bəzi səhvləri də aradan qaldıracağımız halda, birinci ola bilərik. Fikrimcə, bizi maraqlı oyunlar gözləyir.
- Fevralın sonunadək “transfer pəncərəsi” açıqdır. “Murov” kimi sizin də heyətə yeni voleybolçu cəlb etməyiniz mümkündürmü?
- Yox. Artıq heyəti komplektləşdirmişik. Zəif mövqedə bizim yerli oyunçu çıxış edir. Legioner gətirmək limitimiz də qalmayıb. Çünki komandamızda artıq 4 əcnəbi var.
- Bu il Azərbaycan klubları avrokuboklara qatılmadı. Əgər mükafatçılar sırasında yer alsaz, beynəlxalq arenaya çıxacaqsız?
- Hər şey mövsümün sonunda bilinəcək. Çox güman ki, Azərbaycan iki klubla təmsil olunacaq. Amma kimlərin gedəcəyi hələ dəqiq deyil.