Bu gün Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib.
Apasport.az saytının məlumatına görə, onlayn-konfransda koronavirus pandemiyası nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılıb.
Konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov koronavirus infeksiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət və Azərbaycan hökumətinin bu xəstəliyin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqda ətraflı məlumat verib. Nəsibov həmçinin bu vəziyyətdə federasiyanın ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Onlayn-konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jan-Pyerr Suitat, vitse-prezidentlər Karmen Tokala və Con Qonçalves, icraçı-direktor Kamil Novak iştirak ediblər.
Qeyd edək ki, dünən Azərbaycan Basketbol Federasiyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov üzv olduğu FİBA Avropa kiçik ölkələrinin komissiyasının onlayn-konfransında iştirak edib.