Karantinə alınan voleybolçularımız danışdılar
31.03.2020 - 19:58
Karantinə alınan voleybolçularımız danışdılar

Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın voleybolçuları - Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər. 

Apasport.az saytının məlumatına görə, bunu onlar Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıblar. 

İsrailin “Makkabi” (Hayfa) klubuna məxsus Yuliya Kərimova bildirib ki, Azərbaycana yeni qayıtdığından qaydalara uyğun olaraq karantindədir. 35 yaşlı libero evə göndərilməsini ikinci analizinin nəticəsinə əsasən bilinəcəyini deyib: “Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Paytaxta - Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı dedilər. Artıq neçə gündür ki, burdayam. Nəzarətə götürülənlər üçün çox gözəl şərait yaradılıb. Hər şey yaxşıdır. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi hələ İsraildə olarkən səhhətimlə maraqlandı və qayıtmağım üçün lazımı köməkliyi göstərirdilər. Burda olduğum günlərdə isə millinin həkimi və meneceri ilə hər gün danışıram. Dünən ikinci dəfə test vermişəm. Analizin cavablarını gözləyirəm, hər şey qaydasında olarsa, bir neçə gündən sonra evə buraxılacağam”.

Onun kimi, karantinə alınan millinin digər üzvü Marqarita Əzizova da özünü yaxşı hiss edir. "Radomka"nın (Polşa) formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hansısa problem yoxdur: “Varşavadan Bakıya çarter reysi ilə gəldim. Paytaxta qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Azərbaycan Voleybol Federasiyasının böyük köməkliyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Buraya gəldikdən sonra məni də bütün sərnişinlər kimi karantinə aldılar. Təbii ki, onlar kimi də müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacam”.
 

0
voleybol koronavirus Yuliya Kərimova