Azərbaycan milli komandasının və Macarıstanın “MCM-Diamant” klubunun voleybolçusu Olena Xarçenkonun apasport.az saytına müsahibəsi
- Uzun müddət meydanlardan kənar qaldıqdan sonra Macarıstanın “MCM-Diamant” klubu ilə anlaşdınız. Zədədən sonrakı bərpa dövrünü necə keçirdiniz?
- Zədədən sonrakı bərpa prosesi yaxşı alındı. Bu, mənim üçün çox ağır dövr idi. Amma mənə çox kömək edirdilər. Çox yaxşı fiziorerapevtlə çalışdıq. Ona da təşəkkür edirəm. Biz uzun müddət - 3,5 ay işlədik. Ağır iş oldu. Lakin bunu etməli idik. Hər şey də yaxşı nəticələndi.
- Bir müddət Serbiyaya da yollanmağınız nə ilə bağlı idi?
- Sonradan Serbiyaya, Belqrada yollandım. Fiziki hazırlıq baxımdan da bərpa olunmalı idim. Orada yaxşı məşqçinin rəhbərliyi altında təxminən 5 ay müddətində az qala hər gün çalışdıq. O, mənəvi və fiziki kömək etdi ki, formamı yığım. İndi də onunla əlaqə saxlayırıq ki, profilaktiki tədbirləri davam etdirə bilim. Bir sözlə, çalışmağa davam edirəm. Bəxtim gətirdi ki, həm fiziki, həm də fitnes üzrə yaxşı mütəxəssislərlə çalışmaq imkanım oldu.
- “Türk Hava Yolları”nın düşərgəsindən də səsiniz gəldi. Türkiyəyə getməyinizin səbəbi nə idi?
- Serbiyadan sonra Türkiyəyə yollandım. Orada mənə meydanda bərpa olmağa kömək etdilər. Topu hiss etməyə başladım. Komandada çox yaxşı atmosfer, əla məşqçi var idi. Dəstəyi hiss edirdim. Amma getməli oldum. Sonra bir müddət evdə qaldım.
- Yeni keçdiyiniz Kapoşvarın “MCM-Diamant” klubunda sizi necə qarşıladılar?
- Evdə olduğum vaxt özümü Macarıstanda sınamaq təklifi aldım. İndi də “MCM-Diamant”dəyəm. Yaxşı komandadır. Qızlara “əhsən” deyirəm, yaxşı çalışırlar. Məşqçi də əladır. Özümə də dəstək hiss edirəm. Burada hər şey yaxşıdır. Komanda çox xoşuma gəlir.
- Azərbaycan voleybolunda siz Olena Həsənova kimi tanınırsınız. Amma bir müddət əvvəl ailə həyatı qurmazdan öncəki soyadınızı qaytararaq Xarçenko oldunuz. Bunu nə ilə izah edirsiniz?
- Yığmadakı bütün qızlar soyadlarını dəyişdi. Mən də belə qərara gəldim. Bu mənim seçimimdir. Düşünürəm ki, mənim üçün belə daha yaxşı olacaq.
- Zədə səbəbindən bir müddət yığmaya da kömək edə bilmədiniz. Gələcəkdə yenidən Azərbaycan millisinin şərəfini qoruyacaqsınız?
- Əlbəttə. Sağlamlığım imkan versə, Azərbaycan yığmasında oynayacağam. Ölkəni beynəlxalq arenada təmsil edəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq.