Yığmamızın baş məşqçisi Ermənistanla bir qrupa düşmələrini şərh etdi
16.02.2022 - 12:59
Yığmamızın baş məşqçisi Ermənistanla bir qrupa düşmələrini şərh etdi

“Avropa çempionatında normal qrupa düşdüyümüzü düşünürəm”.

Bunu apasport.az saytına 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının püşkatmasını dəyərləndirərkən deyib.

Çalışdırıcı yığmamızın C divizionunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqla birlikdə B qrupunda yer almasına münasibət bildirib.

O, rəqiblər barədə ətraflı məlumata malik olmadıqlarını bildirsə də, məqsədlərinin çempionluq olduğunu vurğulayıb: “Pandemiyadan əvvəl komandaları daha yaxşı tanıyırdıq. Çünki qitə yarışlarında iştirak edirdik, oyunlarını görə bilirdik. Amma son vaxtlar basketboldan bir az uzaq qaldıq. Komandalar haqda o qədər də məlumatımız yoxdur. Ancaq yenə də münasib qrupa düşdüyümüzü deyə bilərəm. İndidən hədəflərlə bağlı nəsə demək düzgün deyil. Oynayıb görəcəyik. Əlbəttə, hamı kimi, biz də çempion olmaq istəyirik. 2016-cı ildə mənim rəhbərliyim altında elə San-Marinoda C divizionunun çempionu olmuşuq. Məqsəd yenə eynidir”.

Cəbəllütariqi qrupun autsayderi hesab edən Baxşıyev digər rəqiblərin şanslarının eyni olduğunu düşünür: “Cəbəllütariqi çıxmaq şərtilə Moldova, Lüksemburq və Ermənistan eyni səviyyəli komandalardır”.

Baş məşqçi Ermənistanla keçiriləcək görüşə də toxunub. O, həmin qarşılaşmanın xüsusi önəm kəsb etdiyini gizlətməyib: “İdmanda prinsipiallıq olmamalıdır, hər bir rəqib eyni sayılmalıdır və istənilən komandaya qarşı eyni formada hazırlaşmalısan”, demək istəyərdim. Ancaq bu yalan olar. Erməni ilə görüş hər bir azərbaycanlı üçün prinsipial xarakter daşıyır. Qrupdakı bütün oyunlarda qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Təkcə erməniləri udub, digər üç görüşdə uduzmaq da bir şey deyil. Bütün rəqiblərə qarşı bacarığımızı göstərəcəyik”.

Ordumuzun İkinci Vətən müharibəsindəki qəhrəmanlığını xatırladan mütəxəssis bunun davamını meydançada da gətirmək istədiklərini deyib: “İkinci Vətən müharibəsindən sonra idmançılarımız özlərini daha güclü hesab edirlər. Çünki biz artıq qalib xalqıq. Avropa çempionatında da ermənilərə qarşı görüşdə özümüzü qalib ölkənin komandası kimi təqdim edəcəyik. Onlara orada da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-18 yığmamızın iştiak edəcəyi turnir iyulun 24-31-də San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.
 

0