Koronavirus pandemiyası üzündən sərhədlərin bağlanmasından sonra ölkə xaricində olan əksər Azərbaycan vətəndaşlarının geri qaytarılsa da, hələ ölkəmizdən kənarda qalanlar da az deyil.
Apasport.az saytının məlumatına görə, belə şəxslər arasında ölkə xaricində legioner həyatı yaşayan idmançılarımız da var.
Voleybol üzrə Azərbaycan milli komandasının üzvləri bu siyahıda çoxluq təşkil edirlər. Qayıda bilməyənlər arasında təkcə oyunçular deyil, baş məşqçi də var.
Siyahıda İndoneziyada qalan təmsilçilərimizin sayı daha çoxdur. “Cakarta” ilə ölkə çempionu tituluna yiyələnən baş məşqçi Ziya Rəcəbov da üç aydan artıqdır Bakıya dönə bilmir: “Martın 26-da Cakartadan Baliyə gəldik. Həmin vaxtdan üç aydır buradayıq. Natalya Məmmədova və Odina Əliyeva ilə birlikdəyik. Azərbaycana qayıtmaq istəyirəm. Maddi sıxıntılarımız var. Artıq qazandığımızı da burada qoymuşuq”.
Mütəxəssis bildirib ki, onun rəhbərliyi altında çıxış edən yığmamızın milliləşən legionerləri Bakıya deyil, öz ölkələrinə qayıtmaq istəsə də, İndoneziyanı tərk edə bilmir. Odina Özbəkistana, Natalya Ukraynaya qayıtmaq fikrindədir.
Rəcəbov İndoneziyada ayın sonunadək gözləyəcəyini də qeyd edib: “İyulun 1-dən Gürcüstana uçuşlar bərpa edilsə, Tiflisə yollanacağam. Oradan da Azərbaycana keçməyi planlaşdırıram. Buradakı səfirliklə əlaqə saxlayacağam. Bütün testlərdən keçməyim və koronavirus aşkarlanmaması ilə bağlı əlimdə sənəd var”.
Kişilərdən ibarət yığmamızın kapitanı Vüqar Bayramov da ölkə xaricində qalan idmançılardandır. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın “Al-Nəsr” klubunun şərəfini qoruyan hücumçu Asiyada qalmağından narahatdır: “Təəssüf ki, mövsümü koronavirus pandemiyası üzündən başa vura bilmədik. 6 ay çempionatda çıxış etdikdən artıq üç aydır ki, Azərbaycana qayıdışımı gözləyirəm. Burada tək deyiləm. 120-125 həmyerlimiz də Bakıya qayıtmaq istəyir. Səfirliklə əlaqə saxlayırıq. Xahiş edirik ki, bizi ölkəmizə təxliyə etsinlər. Onlar əllərindən gələni etsələr də, dəqiq məlumat yoxdur. Vəziyyət çox çətindir. Səudiyyə Ərəbistanı bölgədə ən çox yoluxma qeydə alınan ölkələrdəndir. Evdən çıxmağa, supermarketə getməyə ehtiyat edirik. Bütün karantin qaydalarına riayət etsək də, risk qalmaqdadır”.
Son 2 mövsümdə çıxış etdiyi Macarıstanın “Vaşaş” klubu ilə yollarını ayıran Ayşən Abduləzimova isə nəhayət Budapeşti tərk edə bilib: “Dünən gözlənilmədən bir bilet tapdım. Budapeştdən çıxdım. Artıq Avstriyadayam. Gecə Vyanaya gəlmişəm. Bir neçə saatdan sonra İstanbula uçacağam. Orada qalacağam. Hər şey yoluna düşsə, iyulun 1-də Türkiyədə yeni klubum “Sarıyer Bələdiyyəspor” hazırlıqlara start verəcək. Bakıya gedib-qayıtmağı çatdıra bilmərəm. Bu səbəbdən İstanbulda qalacağam”.
Voleybolçularımızın düşdükləri durumla bağlı apasport.az saytının sorğusuna cavab olaraq Operativ Qərargahdan bildirilib ki, iyunun 30-dək Avropadan, MDB ölkələrindən və yaxın Şərqdən uçuşlar planlaşdırılıb. Bununla bağlı mümkün qrafik açıqlanacaq: “Bu barədə Operativ Qərargahın son mətbuat konfransında da məlumat verilib”.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyulun 1-dək uzadılıb.