Yoxlama oyunlarında uduzub, Avropa çempionatında qələbəyə ümid edir - voleybolçumuz
11.08.2021 - 12:43
Yoxlama oyunlarında uduzub, Avropa çempionatında qələbəyə ümid edir - voleybolçumuz

“Avropa çempionatının başlamasına sayılı günlər qalıb. Bütün iştirakçılar kimi biz də hazırlığın son mərhələsindəyik”.

Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman deyib.

O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının final mərhələsinə hazırlıq barədə fikirlərini bölüşüb: “Bosniya və Herseqovinada məşqlərimiz davam edir. Buradan birbaşa Serbiyaya yola düşəcəyik. Avropa çempionatına hazırlığımız iyun ayından başlayıb. İki ay ərzində təlim-məşq toplantıları və yoxlama oyunlarımız olub. Düzdür, keçirdiyimiz yoxlama matçlarında məğlub olduq. Amma bu nəticələr bizi həvəsdən salmamalıdır”. 

Besman komandanın tam heyətlə məşqlər keçməsini müsbət məqam kimi vurğulayıb: “Artıq komandamız burada tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Herseqovinada bizimlə məşqlərə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq”. 

Kristina qitə çempionatı ilə bağlı gözləntilərini də gizlətməyib: “Bu turnir mənim 4-cü Avropa çempionatımdır. Hər bir idmançı kimi mən də meydançaya qalıb gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq, o zaman daha rahat qələbə qazana bilərik”.
 

0