Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
06.12.2022 - 10:07
Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi

“Hazırlıqlarımız davam edir. Çalışırıq ki, komanda olaraq ən yaxşı formamızı yığaq”. 

Bunu apasport.az saytına qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun baş məşqçisi Eldar Yusubov deyib. 

Təcrübəli mütəxəssis “dəmiryolçular”ın mövsümdə hədəflərini açıqlayıb. O bildirib ki, Çelenc kubokunda Slovakiya “Slaviya”sını mübarizədən kənarlaşdıran “Azərreyl” maksimum irəliləmək niyyətindədir: “Bu komanda həmişə yüksək yerlər uğrunda oynayıb. Tək ölkəmizdə deyil, beynəlxalq arenada da kifayət qədər tanınır. 1/32 final mərhələsində “Slaviya” ilə matç üzərində də gücümüzü sübut etdik. İstəyirik ki, bacardığımız qədər irəliləyək. Düzdür, komandamızın heyətini əsasən yerli voleybolçular təşkil edir. Yalnız Belarusdan bir legionerimiz var. Buna baxmayaraq, mübarizə aparacağımız hər bir yarışda “Azərreyl”in adına layiq oynayacağıq. Çünki əsas hədəflərdən biri də müəyyən fasilədən sonra yenidən Azərbaycan çempionu titulunu qaytarmaqdır. Bunu bacaracağımıza çox inanıram”. 

Yusubovun sözlərinə görə, Çelenc kubokunun 1/16 finalında qarşılaşacaqları Almaniya “Turingen”ini artıq analiz etməyə başlayıblar: “Rəqib ölkə çempionatında oynadığından bir qədər hazırlıqlıdır. Heyətləri də demək olar ki, əcnəbilərdən təşkil edilib. Komandada 3 amerikalı voleybolçu ilə yanaşı, Yaponiya, Xorvatiya, Çexiya, Finlandiya və Fransadan da legionerlər çıxış edir. Buna baxmayaraq, komandamızın onlarla layiqli mübarizə aparacağına inanıram. Düzdür, millimizin sabiq voleybolçusu Katerina Jidkovanın müqavilə ilə məxsus olduğu İndoneziya klubuna yollanması hücumda bir qədər çətinlik yarada bilər. Lakin çalışacağıq ki, qarşılaşmalarda bunu hiss etdirməyək. Hər iki görüşün Almaniyada keçiriləcəyini nəzərə alsaq, oyunlarda maksimum gücümüzü qoymalıyıq”.

Qeyd edək ki, “Azərreyl” “Turingen”lə dekabrın 14-də və 15-də oynayacaq.

0