“Azərreyl” Türkiyə yığmasının sabiq məşqçisi ilə müqavilə imzaladı
26.08.2023 - 10:23
“Azərreyl” Türkiyə yığmasının sabiq məşqçisi ilə müqavilə imzaladı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. 

Klubdan apasport.az saytına verilən məlumata görə, ölkəmizi Çağırış kubokunda təmsil edəcək Bakı təmsilçisi öncə yeni baş məşqçi anlaşıb. 

Təcrübəli türkiyəli mütəxəssis Çengiz Akarçeşme ilə aparılan danışıqlar müsbət yekunlaşıb və onunla 1 illik müqavilə imzalanıb. Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokubokda maksimum nəticə göstərmək hədəfi qoyulub. 
Çalışdırıcı “Azərreyl”ə qədər qardaş ölkə klublarının “sükanı arxasında” olub. O, məşqçilik fəaliyyətinə 27 il əvvəl “Vakıfbank”da başlayıb. 1999-2001-ci illərdə “Qazi Universitet”nə baş məşqçilik edib. Akarçeşme ardınca “İhtisas” klubunda ikinci məşqçi funksiyasını yerinə yetirib. Eyni zamanda, 2001-2005-ci illərdə Türkiyənin U-17 və U-18 yığmasında köməkçi kimi çalışıb. 2006-2007-ci illərdə Türkiyənin əsas komandasında menecer işləyən mütəxəssis 2008-2009-cu illərdə “Qazi Universitet”ə qayıdıb və baş məşqçi olub. 

2013/2014 və 2017/2018 mövsümlərində “Halkbank” meydana “Azərreyl”in yeni baş məşqçisinin rəhbərliyi altında çıxıb. O, 2020-2021-ci illərdə “Şop Kalecik”, növbəti mövsümdə “Edremit Bələdiyyə Altınoluk”u çalışdırıb. 2021-2022-ci illərdə “Mert Qrup Sığorta”nın baş məşqçi olan Akarçeşme son mövsümdə “Adam” voleybol klubuna rəhbərlik edib. 

Qeyd edək ki, "Azərreyl"in Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.

0