"Azərreyl" və "Abşeron"dan qələbə
25.11.2023 - 23:16
"Azərreyl" və "Abşeron"dan qələbə

Qadın voleybolçular arasında ölkə çempionatında 2-ci turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov” və “Milli Aviasiya Akademiyası” arasında olub.

GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri 3:0 hesabı ilə qələbə qazanıb.

Ardınca meydançaya “Abşeron” və UNEC çıxıb. Bu qarşılaşmada da qalib üç setdə müəyyən olunub. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb.

Turun daha bir oyunu isə Gəncə şəhərində baş tutub. Gəncə OİK-də təşkil edilən görüşdə “Gəncə” komandasının qonağı son ölkə çempionu “Azərreyl” olub. Günün iki matçında olduğu kimi, yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olub.

Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə liderlik edir. Xalları 6 olsa da, set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “Azərreyl” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tutur. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşür.

“Murov Az Terminal” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:16, 25:17)
“Gəncə” – “Azərreyl” 0:3 (13:25, 12:25, 20:25)
“Abşeron” – UNEC 3:0 (25:15, 25:10, 25:13)

0