“Gəncə” belaruslu baş məşqçiyə həvalə edildi
31.07.2023 - 21:52
“Gəncə” belaruslu baş məşqçiyə həvalə edildi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, komanda belaruslu mütəxəssis Sergey Cesnovickiyə həvalə olunub.

Klubdan bildiriblər ki, müqaviləni belaruslu məşqçi Sergey Cesnovicki və klubun prezidenti Elvar Osmanov imzalayıblar.

Tədbirdə çıxış edən klubun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Müşfiq Cəfərov yeni yaradılan komandanın gələcəkdə böyük uğurlara imza atacacağına ümid etdiyini bildirib: "Gəncədə regionun ən böyük idman kompleksinin tikintisi üzrə işlər yekunlaşmaq üzrədir və tezliklə açılışı olacaq. “Gəncə” voleybol komandası ev oyunlarını həmin arenada keçirəcək. Gəncədə, həmçinin böyük azarkeş ruhu var. Dahi Nizami yurdunda hər kəs idmanı və idmançıları dəstəkləyir”.

Belaruslu məşqçi Sergey Cesnovicki Azərbaycanda fəaliyyətə başlamağını yüksək dəyərləndirib. Bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir.

Elvar Osmanov bildirib ki, Gəncə tarixən Azərbaycanın inkişafında çox böyük rol almış şəhərlərdəndir. Burada nəinki idmanın, bütün digər sahələrin inkişafı üçün bütün şərait yaradılıb. Yaradılan komandanın bütün addımları bir ilk olacaq. Çünki regionda ilk dəfə belə bir komanda formalaşdırılacaq. Azərbaycan Voleybol Federasiyası regionlarda klubların formalaşdırılması istiqamətində seleksiya işləri aparır. Bu da ölkəmizdə idmanın bu növünün inkişafında yeni imkanlar açacaq.

Sonda Azərbaycan milli komandasının üzvləri - Leyla Paşkova və Nərmin Fərəcova ilə müqavilə imzalanıb, xatirə şəkli çəkdirilib.

0